Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

28 dekabr 2017 | 16:00

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qazax rayonunda geniş hazırlıq işləri aparılıb, şəhər bayramsayağı bəzədilib. Bununla yanaşı, rayonun bütün idarə, müəssisə və təşkilatlarında bayramla əlaqədar silsilə tədbirlər təşkil olunub.
Bu gün keçirilən bayram tədbiri Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğul və qızlarının əziz xatirəsini yad edib, memorial önünə gül dəstələri qoyublar.
Sonra tədbir bayram süfrəsi ətrafında davam etdirilib. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin əmək kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bayram tədbirində çıxış edərək Respublika Prezidenti İlham Əliyev cənablarını, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, xalqımızı və rayon sakinlərini bayram münasibətilə ürəkdən təbrik edib, hamıya möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, bayram sevinci və yeni-yeni uğurlar arzulayıb. Bildirib ki, qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş  milli-mənəvi birliyə çağırış günü soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcı qoyulmuşdur.
Qeyd edib ki, yola saldığımız 2017-ci il respublikamız, o cümlədən rayonumuz üçün uğurlu olub. Bunu ölkəmizin ictimai-siyasi həyatında və həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən də görmək olar.
Bu il bizim üçün hər bir sahədə uğurlu olub. Elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, idman sahəsində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.
İcra Başçısı bildirib ki, 2017-ci il həm də Qazax rayonu üçün tikinti-quruculuq ili kimi də yadda qaldı. “Azərxalça” ASC tərəfindən inşa edilən və açılışa tam hazır olan xalça fabriki, rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası, əsaslı şəkildə təmir edilən Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçaları, bu günlərdə Qazax şəhərində açılışını etdiyimiz 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası 2017-ci ilin uğurlu il olmasının ən bariz nümunəsidir.
Bu yaxınlarda 3 kəndin – Çaylı, Kommuna və Hüseynbəyli kənd yollarının açılışını etdik. Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna kəndlərinə içməli su çəkildi. Daş Salahlıda isə bu proses başa çatmaq üzrədir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxışının sonunda bir daha rayon sakinlərini, tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib, ölkəmizin, eləcə də Qazaxımızın çiçəklənməsi naminə görəcəkləri işlərdə uğurlar arzulayıb.
Sonra tədbir iştirakçılarından şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova, Birinci Şıxlı kəndli-fermer təsərrüfatı direktorunun I müavini Səfurə Vəliyeva və başqaları çıxış edərək 2017-ci ildə qazanılmış uğurlardan danışıb, nailiyyətlərdən söz açıblar. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovu “İlin Başçısı" seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edərək ən xoş arzularını bildiriblər.
Tədbir aşıqların, müğənnilərin ifasında səslənən bir-birindən şən, şux mahnı sədaları altında davam edib.

Keçidlər