Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub

07 fevral 2018 | 16:00

Ermənistanla 168 km məsafədə yerləşən Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Neçə ana oğulsuz, neçə körpə atasız, neçə ev başsız qalıb. Neçə canlar fəda edilib Vətən uğrunda. Şəhidlərin adını uca tutmaq, əziz xatirələrini yad etmək isə hər bir vətəndaşın ən ümdə borcudur.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə daim xüsusi diqqət və qayğı ilə yanaşıb, onların problemləri ilə yaxından maraqlanıb. Bu mənada ilk olaraq şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırılmış, yenilənmiş, əsaslı şəkildə təmir edilmişdir. Vətən uğrunda canından keçən oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması Qazax rayonunda ənənə şəklini almışdır.
Bu gün Milli Qəhrəman Firuddin İsa oğlu Şamoyevin doğum günü qeyd olunub. Bu münasibətlə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanında tədbir keçirilib. Tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Milli Qəhrəmanın adını daşıyan şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak edib. 
Milli Qəhrəmanın ruhuna fatihə surəsi oxunduqdan sonra xiyabanda şəkli əks olunmuş lövhə önünə tər qərənfillər düzülüb, əziz xatirəsi yad olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tədbirdə çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid veribdir. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülübdür. Həmin qəhrəmanlardan biri də Firuddin Şamoyevdir. Bu gün onun əziz xatirəsini yad etmək bizim hər birimizin vətəndaşlıq borcudur. Biz şəhidlərimizin doğum günlərini qeyd etməklə həm onları yad etmiş oluruq, həm də Milli Qəhrəmanlarımızı gənc nəsillərə tanıdırıq. Çünki gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımalı, onlarla qürur duymalıdır.
Milli Qəhrəmanın həyat yoldaşı Hamayıl Şamoyeva çıxış edərək ailə üzvləri adından onlara göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova bütün şəhidlərin, eləcə də həyat yoldaşı Firuddin Şamoyevin xatirəsini əziz tutduğuna görə öz təşəkkürlərini çatdırıb.
Şəhər 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşırov çıxış edərək Milli Qəhrəmanın həyatından, torpaqlarımızın müdafiəsi zamanı keçdiyi döyüş yolundan söz açıb. Qeyd edib ki, məktəb 1994-cü ildən Firuddin İsa oğlu Şamoyevin adını daşıyır. Məktəbimizdə müntəzəm olaraq qəhrəmanın adı ilə bağlı tədbirlər keçirilir, onun xatirəsi daim əziz tutulur. Bizim üçün şərəfdir ki, bu gün biz igid bir qəhrəmanın adını daşıyan məktəbdə çalışırıq.
II qrup Qarabağ müharibəsi əlili Qurban Qurbanov çıxış edərək Milli Qəhrəmanın keçdiyi döyüş yolunun gənc nəsillərə bir örnək olduğunu bildirib.
Sonra Milli Qəhrəmanın adını daşıyan məktəbin şagirdlərindən Xəqani Abışov, Ayxan Məmmədov, Nuray Məmmədova, Fatimə Əlizadə, Nigar Hüseynova  Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.


Firuddin İsa oğlu Şamoyev 1962-ci il fevral ayının 7-də Qazax şəhərində doğulmuşdur. Orta təhsilini Qazax şəhərində alan F.Şamoyev 1981-83-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək, Təmir-Tikinti İdarəsində çilingər işləmişdir.
Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 1992-ci il aprel ayının 13-ü Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşdə o, qəhrəmancasına həlak oldu.
Ailəli idi. Həyatda üç övladı yadigar qalıb.
Azərbaycan Respubikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
1994-cü ildən Qazax şəhərindəki 4 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Qazax şəhərinin girişində qəhrəmanın xatirəsinə olan bulaq-abidə kompleksi 2017-ci ildə yenidən qurularaq müasir görkəmə salınmış, Milli Qəhrəmanın adına layiq səviyyəyə gətirilmişdir.

Keçidlər