Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda sahibkarlar üçün forum keçirilib

09 fevral 2018 | 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazaxda sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair bu ilin ilk işgüzar forumunu keçirib.
Əvvəlcə sahibkarlığa həsr olunmuş film nümayiş olunub. 200-dək sahibkarın iştirak etdiyi Forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı müəssisəsinin, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim edilib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyevin sahibkarlara və iş adamlarına göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Ölkə Başçısının tapşırığına əsasən  sahibkarlığın inkişaf etdirilməsi üçün rayonda münbit şərait yaradılıb, iş adamlarına hər zaman dəstək göstərilir. Bildirib ki, bu gün Qazax sahibkarlar, iş adamları üçün ən əlverişli rayondur.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov 2018-ci ildə Fondun fəaliyyətinin əsas hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Qeyd edək ki, ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib.
Tədbirdə bildirilib ki, Qazaxda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır. Hazırda kartof əkini üzrə işlər aparılan aqroparkda kartofun saxlanılması üçün anbarın tikintisi, müasir suvarma sisteminin qurulması və texnika parkının yaradılması üzrə işlər aparılır. Bundan başqa, aqroparkda çeşidləmə və qablaşdırma sahələri də yaradılacaqdır. Aqroparkın yaradılmasına ilkin mərhələdə 2 mln. manat güzəştli kredit verilib.
Son illər həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində güzəştli kreditlərdən yararlanmaqla Qazaxda müasir texnologiyalar əsasında sönmüş əhəng və elektrod istehsalı müəssisələri yaradılır.
İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan sahibkarlara 2,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Forumda iş adamlarından Elçin Carçıyev, Şəhadət Ağacanov, Eldar Adıgözəlov, Fəzail Qasımov və başqaları çıxış edərək onları maraqlandıran suallarla müraciət ediblər.

Keçidlər