Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: sürətli inkişaf ili

18 fevral 2018 | 16:00

Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar Gənclər Mərkəzinin foyesində hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə Qazaxda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları nümayiş olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə rayonda görülmüş tikinti-quruculuq işləri, rayonun sosial-iqtisadi həyatındakı inkişaf barədə ətraflı məlumat verib.
İcra başçısı bildirib ki, 2017-ci il Qazax Rayonu üçün uğurlu il olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda  cənab Prezident 2017-ci ildə sərmayə qoyuluşuna görə ilk onluqda olan rayonları qeyd edərkən Qazax rayonunun da yüksək göstəriciyə malik olduğunu qeyd etmişdir. 2017-ci ildə iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat və kənd təsərrüfatına 17,3 milyon manat özəl sərmayə qoyulmuşdur. Sənaye məhsulunun ümumi həcmi 34.178.000 manat, keçən ilə nisbətən 1,8 dəfə çox olmuşdur. 2017-ci il ərzində 13 yeni müəssisə yaradılmış, 1.497-si daimi olmaqla 1.568 yeni iş yeri açılmışdır. İllik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində Əhəng zavodunun tikintisi başa çatmışdır. Yaxın zamanlarda istifadəyə veriləcəkdir. Həmin zavodda 350 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. “Carçıoğlu GROUP" MMC tərəfindən Xanlıqlar kəndində illik istehsal gücü 50 min ton olan Əhəng zavodunun və illik istehsal gücü 9600 ton olan Elektrod istehsalı zavodunun tikintisi davam etdirilir. Bu zavodlar fəaliyyətə başlayanda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Ümumilikdə əkin sahəsi 2016-cı ilə nisbətən 2123,39 hektar çox olmuşdur. 2017-ci ildə cəmi 36.469 ton taxıl məhsulu əldə olunmuşdur ki, bunun da 29.840 tonu buğda, 6,629 tonu isə arpadır. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur. 2017-ci ildə 47,8 hektar yeni fındıq bağı salınmış və cəmi fındıq bağları 222,83 hektar olmuşdur ki, bunun da 136 hektarı məhsuldar bağlardır. Bu il 460 ton fındıq məhsulu istehsal olunmuş, məhsuldarlıq hər hektara 33,8 sentner olmuşdur. Ümumi meyvə bağları 1.264 hektar, üzüm bağı 325 hektardır. İl ərzində 80240 kq quru tütün məhsulu istehsal edilib. 2016-cı illə müqayisədə tütünün əkin sahəsi 40 hektar, istehsal olunmuş məhsul isə 64605 kq çox olmuşdur. Ötən il rayonda 4623 kq barama istehsal edilmişdir. Bu isə 2016-cı ildən 3,1 dəfə çoxdur. 2017-ci ildə 7300 ədəd tut tingi basdırılmışdır ki, bunun da 4300 ədədi yerli, 3000-i isə Çin Xalq Respublikasından gətirilmişdir. 2017-ci ildə 10 yeni subartezian quyusu istifadəyə verilmişdir.
Rayonda təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən illərdə olduğu kimi 2017-ci ildə də davam  etdirilmişdir. Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında əsaslı yenidənqurma işləri aparılmışdır.  Şəhidlərin abidə kompleksi tamamilə yenidən qurulmuş, 7 Milli Qəhrəman və 278 nəfər şəhidin şəklinin həkk olunduğu lövhələr vurulmuşdur. Səməd Vurğun adına park yeni görkəm almışdır. Rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına və Cümə məscidinin qabağında Vəfa Dəmirçioğlunun adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir. İkinci Şıxlı kəndində “Sınıq Körpü” Buraxılış Məntəqəsində yenidənqurma və abadlıq işləri aparılmışdır. Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun poeziya evində əsaslı təmir işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq əlavə 20 ədəd çoxmənzilli binalarda təmir işləri aparılmışdır. Rayonda fasiləsiz elektrik verilişi təmin olunmuşdur və bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. 2017-ci il ərzində cəmi 11,65 km avtomobil yolu tikilmişdir. Rayonun kənd yaşayış məntəqələrində 104 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənib. Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çataraq istifadəyə verilmişdir.
Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Qazax rayonunda uğurla həyata keçirildiyini qeyd edib.
Milli Məclisinin deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadə öz çıxışlarında rayon rəhbəri Rəcəb Babaşovun idarəçiliyi ilə görülmüş işləri yüksək qiymətləndiriblər.
Yığıncaqda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Vəli VƏLİYEV
“Respublika”

18.02.2018-ci il

Keçidlər