Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda idmanın inkişafına qayğı

06 mart 2018 | 16:00

Son dövrlərdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda idmanın bütün növləri üzrə qələbələri davamlı xarakter almışdır. Əldə olunan nailiyyətlərdə qazaxlı idmançıların da payı danılmazdır. Hazırda idmanın inkişaf etdirilməsi üçün rayonda hərtərəfli və münbit şərait yaradılmışdır. Bu günlərdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həndbol üzrə 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında Bakı şəhər açıq birinciliyində üçüncü yeri tutmuş Qazax Olimpiya İdman Kompleksinin komandasının üzvlərini qəbul edib. İcra Başçısı qazandıqları uğur münasibətilə idmançıları təbrik edərək onlara daha böyük qələbələr qazanmağı arzulayıb. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə rayonda da diqqətəlayiq işlər görüldüyünü qeyd edib.
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Olimpiya İdman Kompleksinin nəzdində yaradılmış əl topu komandasının məşqçi-müəllimi Valeh Namazov rayon rəhbərliyinə yarış barədə məlumat veriblər. Qeyd ediblər ki, 28-30 yanvar 2018-ci il tarixdə “ABU-Arena”da keçirilən yarışda respublika üzrə seçilmiş 10 ən güclü komanda iştirak etmişdir.
Yarışda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (İOEUGİM-1), İOEUGİM-2, Azərbaycan Pedoqoji Kollecinin, Göygöl, Gəncə, Mingəçevir komandaları öz qüvvələrini sınamışlar. Birincilikdə rayonu Qazax Olimpiya İdman Kompleksinin komandası təmsil etmişdir.
Gərgin mübarizə şəraitində keçən yarışda 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası birinci yeri, Mingəçevir şəhər komandası ikinci yeri tutmuşdur. Qazax komandası isə üçüncü yerə çıxmışdır. Komandanın 3 idmançısı – Miray Həsənov, Fərid Omarlı və Sadiq Arıxov 2002-2003-cü il təvəllüdlü yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandasının üzvü seçiliblər.
Komandanın üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə məşqçi-müəllim Valeh Namazovu Fəxri Fərmanla təltif edib. Komandanın üzvlərinə isə rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Vəli VƏLİYEV
“Respublika”

04 mart 2018-ci il

Keçidlər