Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında Novruz şənliyi

22 mart 2018 | 16:00

Bakı Dövlət Universitetinin Qazax filialında Novruz bayramı münasibətilə möhtəşəm bayram şənliyi keçirilib.
Tədbir başlamazdan əvvəl filialda əsaslı təmirdən çıxmış, müasir avadanlıqlarla təmin olunmuş İdman Klubunun açılışı olub. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və filialın direktoru Vüsət Əfəndiyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdikdən sonra idman klubuna baxış keçirilib. Tədbir iştirakçıları burada tələbələrin idmanla məşğul olmaları üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Filialın direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev çıxış edərək müəllim və tələbələri milli bayramımız olan - Novruz bayramı münasibətilə təbrik edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək bütün Azərbaycan xalqını, o cümlədən, filialın müəllim və tələbə kollektivini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib.  Qeyd edib ki, respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğı onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamlar gənclərdə öz uğurlu sabahına daha böyük inam yaradır. İcra Başçısı qeyd edib ki, bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir. Əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da günü-gündən yüksələn inkişafı müşahidə edirik. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının, tapşırıq və tövsiyələrin davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq.
Tədbirin aparıcıları Xalq şairi Səməd Vurğunun Bahar şeirini ifa etdikdən sonra bayram şənliyinə start verilib. Rayon rəhbərliyi bayram sovqatları və bayram atributları ilə bəzədilmiş süfrələrə baxıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Kamal Əhmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın baş müəllimi Heyran Vəkilova çıxış edərək Novruz bayramı ilə əlaqədar öz ürək sözlərini söyləyiblər.
Novruzun atributlarından olan Keçəl və Kosanın, Bahar qızın şənliyə gəlməsi tədbir iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Novruz şənliyində rəngarəng konsert proqramı təşkil olunub. Yüksək səviyyədə keçirilən bayram şənliyində şən-şux musiqi sədaları altında pəhləvanların, müəllim və tələbələrin hazırladıqları müxtəlif idman nömrələri və rəngarəng əyləncəli səhnəciklər nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa olunub.

Vəli VƏLİYEV,
“Respublika”
22.03.2018-ci il

Keçidlər