Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Aprel şəhidinin anım günü

04 aprel 2018 | 16:00

2016-cı ilin Aprel döyüşləri öz qələbəsi, öz əks-sədası ilə Azərbaycan tarixinə düşdü. O qanlı və şanlı döyüşlərdən düz 2 il ötür. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Onlardan biri də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan həmyerlimiz Əliyev Orxan Məhəmməd oğludur.  Orxanın şəhid olmasının ildönümü ilə  əlaqədar onun doğulub boya-başa çatdığı Aslanbəyli kəndində ildönümü mərasimi keçirilib.            Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, İcra Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ müharibəsi veteranları, şəhidin döyüş yoldaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

İcra başçısı şəhidin məzarı önündə çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbiçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb. O, çıxışı zamanı Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.
Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və başqa natiqlər çıxış edərək şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun  gücü, xalq və ordu birliyindən danışıblar. Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə gösrərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə  ailəsi adından öz dərin minnətdarlığını bildirib, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb.
Sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilmişdir.

Vəli VƏLİYEV,
“Respublika”
04 aprel 2018-ci il

Keçidlər