Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlılar tibbi müayinədən razıdır

07 aprel 2018 | 16:00

Fevral ayının 12-dən Azərbaycanın  bütün bölgələrində əhalinin pulsuz tibbi müayinədən  keçirilməsinə start  verilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin  tapşırığı və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ciddi nəzarəti altında  rayon sakinlərinin  hər biri bu xeyirxah aksiyaya  cəlb olunur. Hər gün yüzlərlə insan tibb müəssisələrinə üz tutur. Tibbi müayinə Qazax Rayon Poliklinikasında, Qazax Müalicə Diaqnostika Mərkəzində, İkinci Şıxlı kənd Xəstəxanasında, Kəmərli kənd xəstəxanasında  və 14 kənd həkim  məntəqəsində  həyata keçirilir. Aksiyanın mükəmməl keçirilməsi üçün tam tərkibdə iki səyyari həkim briqadaları avtomobil və digər zəruri avadanlıqlarla  təchiz edilmişdir. Bu briqadalar əsasən ahıl insanların, yataq xəstələrinin tibbi müayinəsini keçirir, eləcə də cəbhəyanı kəndlərə ezam olunurlar.
Qazax Rayon Mərkəzi Xəstəxanasının  baş həkim əvəzi  Sevda Məmmədova ilə söhbət zamanı bildirdi ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tibb müəssisələrinə mütəmadi olaraq baş çəkir, insanların bu humanist aksiyadan  maksimum dərəcədə yararlanmasının təşkili üçün öz tövsiyə və tapşırıqlarını verir.  Baş həkim əvəzi bildirdi ki, rayonda 18 yaşdan yuxarı 72085 nəfər pulsuz tibbi müayinəyə cəlb olunacaqdır. Bundan 45406 nəfəri müayinədən keçirilmişdir. Müraciət edənlərdən 41835 nəfəri sağlamdır. 3267 nəfər ambulator müalicəyə, 215 nəfər stasionar müalicəyə cəlb olunmuşlar. 89 nəfər Bakı və Gəncə şəhərlərində müalicə üçün ixtisaslaşmış xəstəxanalara göndərilmişdir. Sakinlərin 132 nəfərində cərrahiyyə əməliyyatı aparılmışdır.
Biz Qazax sakinlərinin bir neçəsi ilə həmsöhbət olduq. Rayon sakini Qəmər Carçıyeva bildirdi ki, heç bir ölkədə analoqu olmayan pulsuz tibbi müayinənin Azərbaycanda keçirilməsi ölkə başçısı İlahm Əliyevin vətəndaşlara diqqət və qayğısının bariz nümunəsidir.  Nəcib peşə sahiblərinin insanlarla səmimi davranışını və həssas yanaşlamalarını xüsusilə qeyd edərək onlara təşəkkürünü bildirdi.


Vəli Vəliyev,
“Respublika”
07 aprel 2018-ci il

Keçidlər