Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi kapitan Mühüd Orucovun ildönümü qeyd olunub

09 aprel 2018 | 16:00

Ötən ilin Aprel döyüşləri zamanı ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalan kapitan Orucov Mühüd Qurban oğlunun son mənzilə yola salındığı gündən 2 il keçir. Bununla əlaqədar şəhidin doğulub boya-başa çatdığı Fərəhli kəndində ildönümü mərasimi keçirilib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Mühüd Orucovun Fərəhli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək şəhidin qəbri üstünə gül dəstəsi qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Mərasimdə iştirak edən aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri də şəhidin məzarı üstünə qərənfillər qoyaraq xatirəsini hörmətlə anıblar.
Sonra şəhidin ruhuna dua oxunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib. Qeyd edib ki, Aprel döyüşləri zamanı Mühüd Orucovun göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğullar sayəsində Aprel döyüşləri zamanı işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağından azad edilib, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçib. Bildirib ki, Azərbaycan ordusu Aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələr vuraraq öz gücünü göstərdi. Sübut etdi ki, bizim güclü ordumuz var və Azərbaycan əsgəri istənilən an qələbə qazana bilər.
Cənab Rəcəb Babaşov çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə kapitan Mühüd Orucov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, “Ehtiyatda olan Zabitlər Konfederasiyası” Qazax rayon şöbəsinin müdiri Baxış Hüseynov, Mühüd Orucovun döyüş yoldaşları çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz açıblar. Qeyd ediblər ki, Vətəni uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühüd Orucovun da əziz xatirəsi hər zaman yad ediləcək və o, daim qəlblərdə yaşayacaqdır.
Fərəhli kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Mərasimdən sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mərasimdən sonra kəndin giriş hissəsində Mühüd Orucovun xatirəsinə inşa edilmiş bulağa baxıb, onun daha da abadlaşdırılması və yaşıllaşdırılması üçün müvafiq tapşırıqlar verib.

Keçidlər