Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Şıxlı kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir

19 aprel 2018 | 16:00

Qazaxda RİHB-nin təşkilatçılığı ilə  iş planına uyğun olaraq “Dini radikalizmin fəsadları” və “Aprel Zəfəri” mövzularında toplantı keçirilmişdir. Birinci Şıxlı kənd tam orta və əsas məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin və kənd ağsaqqallarının iştirak etdiyi toplantını Qazax RİHB Aparatında ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq toplantı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinç əhaliyə qarşı hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına həlak olan bütün şəhidlərimizin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin, Qazax torpağının övladları kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin keçdikləri qəhrəmanlıqlarla dolu şərəfli döyüş yolu vətənin bütün oğulları üçün bir nümunədir. Onlar göstərdilər ki, lazım gələndə oğullar vətən, onun torpaqlarının düşməndən qorunması üçün nə iş görməlidirlər. Onlar Vətən qarşısında öz borclarını necə yerinə yetirməlidirlər.
Bütün bunlara görə də onların keçdikləri döyüş yollarını, göstərdikləri qəhrəmanlıqları bütün gənclər və yeniyetmələr bilməlidirlər.
Bu gün İlham Əliyev cənablarının Ali Baş Komandan olduğu Milli Ordumuz, Aprel Zəfəri və şəhidlərimiz bizim güvənc yerimiz və qürur mənbəyimizdir. Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın, Aprel şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycanın hər yerində onların xatirəsi əziz tutulur, xatirələri, adları əbədiləşdirilir, onların ailələrinə hər cür diqqət və qayğı göstərilir. Onlar Dövlət Başçısı tərəfindən vətənin ən yüksək fəxri adları, orden və medalları ilə təltif olunurlar.
Qazax rayonunda da hər il Aprel şəhidlərinin doğum və dünyasını dəyişdiyi günlər hörmətlə yad edilir, yas mərasimləri keçirilir. Onların hər birinin xatirəsinə Qazax şəhərinin mərkəzində xatirə bulaq kompleksləri tikilmişdir. Bu il kapitan Mühüd Orucovun xatirəsinə dünyasını dəyişdiyi gün ərəfəsində doğulduğu Fərəhli kəndinin giriş hissəsində, təmiz, saf dağ suyunun üzərində yeni bir bulaq kompleksi tikilmiş və ətrafında abadlıq işləri aparılmışdır. Həmçinin həmin ərəfədə Qazax RİH-Başçısının təşəbbüsü və yazdığı ön söz ilə “Aprel döyüşləri” kitabı nəşr olunmuşdur. Bu kitabın nəşri bütün rayon sakinlərinin, əsgər və zabitlərin, gənclərin və bütün şəhid ailələrinin marağına səbəb olmuş və onlarda vətən torpağına olan məhəbbət hissini daha da artırmışdır.
Sonra çıxışlar olmuşdur. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, Qazax Cümə məscidinin imamı Zaur Budaqov, Birinci Şıxlı  kənd tam orta məktəbinin direktoru Məzahir Qocayev, həmin kənddəki əsas məktəbin  direktoru Mahmud Pənahov, kənd ağsaqqalı Şəmşəd İbrahimov və başqaları çıxış etmişlər.
Axırda hər iki məktəbə “Aprel döyüşləri” kitabı hədiyyə edilmiş və “Şəhadət” filmi nümayiş olunmuşdur.

Keçidlər