Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda əkinlərin suvarma təminatında problem yoxdur

25 aprel 2018 | 16:00

İndi elə vaxtdır ki, kənddə kimi axtarsan, əkin sahəsində taparsan. İnsanlar gün çıxandan batana kimi yorulmaq bilmədən çalışır, bol məhsulun bünövrəsini qoyurlar. Torpağa toxum səpən kənd sakinini indi bir məsələ düşündürür. Görəsən, suvarma problemi olmayacaq ki?!
Məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri bitkinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Qazax Rayon İcra Hakimiyyətində bizə dedilər ki, son iki-üç ildə bununla bağlı elə bir problem yaşanmayıb. Əvvəllər mövcud olan çətinlikləri aradan qaldırmaq məqsədilə rayon icra hakimiyyətində xüsusi komissiya və qərargah yaradılıb. Həmin qərargahın fəaliyyəti ilboyu nəzarətdə saxlanılır. Komissiya üzvləri tez-tez kəndlərdə olur, əhalinin təklif və rəylərini dinləyərək tədbirlər görür.
Qeyd edək ki, rayonda yaz-tarla işlərinə hazırlığın vəziyyəti müzakirə edilərkən əkin sahələrinin suvarma suyu ilə təminatı ön sırada durur. Rayon suvarma sistemləri idarəsinin görülən işlərə dair hesabatı dinlənilir. Mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilir.
Rayonda əkin sahələrinin suvarma suyu ilə təminatında həyata keçirilən tədbirlər hər il müsbət nəticə verir. Odur ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilərə nail olunur. Keçən il 36 min 469 ton taxıl, 460 ton fındıq, 3 min 250 ton üzüm, 22 min ton kartof, 2 min 726 ton qarğıdalı, 132 ton günəbaxan, 12 min tondan çox tərəvəz, 5 min 387 ton şəkər çuğunduru, 80 min kiloqramdan artıq quru tütün istehsal edilmişdir ki, bu da əkin sahələrinin vaxtında suvarılmasının nəticəsidir. Hər hektardan 36 sentner taxıl, 272 sentner kartof istehsal edilmişdir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Qazanılan uğurlardan ruhlanan fermerlər bu il əkin sahələrini bir qədər də genişləndirərək 20 min hektara çatdırmışlar. Bu qədər əkin sahəsinin suvarma suyu ilə təminatını qaydaya salmaq üçün rayonda hərtərəfli hazırlıq işləri aparılmışdır. Belə ki, qış aylarında rayonda mövcud olan su kanalları və arxlar təmir olunmuş, kol-kosdan və lildən təmizlənmişdir. Nəticədə suyun ötürücülük gücü artmış, su itkisinin qarşısı alınmışdır.
Əkin sahələrinin su təminatı ilə bağlı vəziyyəti öyrənmək üçün rayon rəhbərlyi tez-tez müxtəlif kəndlərdə olur, yerli sakinlərlə görüşlər keçirir. Bu yaxınlarda Kosalar, Qazaxbəyli və Orta Salahlı kəndlərində keçirilən görüşdə də sakinlər mövcud nöqsanların aradan qaldırılması üçün təkliflər irəli sürmüşlər. Kosalar kəndində məlumat verilib ki, 20,9 kilometr uzunluğunda olan arx və su kanalının təmizlənməsi onların işini xeyli asanlaşdırıb. Qazaxbəyli kəndində 7,3 kilometr, Orta Salahlı kəndində 14 kilometr arx tullantılardan təmizləndikdən sonra əkin sahələrinin suvarılması qaydaya düşüb.
Rayonun bütün kəndlərindəki arx və kanalların təmizlənməsi bu gün də davam etdirilir. Qeyd edək ki, bu il rayon üzrə 261,9 kilometr uzunluğunda olan kanal və arxların təmizlənməsi nəzərdə tutulmuşdur ki, bunun da təxminən 90 faizi yerinə yetirilmişdir.
Yaz mövsümü başlamazdan əvvəl rayonda suvarma sistemində vəziyyət geniş müzakirə edilmişdir. Növbəti müzakirə zamanı da müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir. Qeyd edilmişdir ki, keçən il havaların quraq keçməsinə baxmayaraq, rayon suvarma sistemləri idarəsi kollektivinin səyi ilə su itkisinə yol verilməmiş, nəticədə yetişdirilən məhsulların vaxtında suvarılması təmin edilmişdir. Kollektiv bu il də gücləndirilmiş iş rejimi ilə işləməyi qarşısına məqsəd qoyub.
Rayon suvarma sistemləri idarəsinin rəisi Avvas Göyüşov söhbət zamanı dedi ki, hazırda hövzələrə su yığılmaqdadır. Sudan səmərəli istifadə etmək və itkiyə yol verməmək üçün geniş hazırlıq işləri aparılır. Həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bu il də rayonun əkin sahələrinin suvarılmasında elə bir problem olmayacaq.
Qazaxda 165 subartezian quyusu da fəaliyyət göstərir. Ölkə rəhbərinin sərəncamına əsasən bu il daha 11 ədəd artezian quyusu qazılacaq ki, bu da əkin sahələrinin suvarılmasında yaranan problemlərə birdəfəlik son qoyacaq.

Sabir ƏLİYEV,
“Azərbaycan”
25.04.2018-ci il

Keçidlər