Şriftin ölçüsü :

Saytın rəngi :

Məzəm kəndinə istinad divarları çəkilir

23 may 2018 | 16:00

Ermənistanla 168 km sərhəddə yerləşən Qazax rayonunun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. Rayonun 5 kəndi isə ermənilərin daima atəşi altındadır. Bunlardan sərhəddə ən yaxın olanı rayonun Məzəm kəndidir. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Onlardan 4 hərbiçi öz torpaqlarının müdafiəsi yolunda canından keçıb. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Düşmən atəşinə daim məruz qalan Məzəm kəndi təcavüzkarların atəş nöqtələrinə ən yaxın məsafədə yerləşdiyindən elan olunmamış müharibənin ağrı-acıları bu gün də yaşanmaqdadır. Mənfur qonşularımızın kəndi daim atəşə tutmasının nəticəsidir ki, buradakı evlərin əksəriyyətinin üstündə güllələrin izləri vardır. Kəndin pərakəndə halda yerləşən yaşayış evlərinin divarları, qapı və pəncərələri düşmən güllələrindən deşik-deşik olmuşdur. Bu gün kəndin ətrafında düşmənin 6 atəş nöqtəsi var. 25 ildən çoxdur ki, ermənilər bu nöqtələrdən kəndi atəşə tutur, əhalini daima qorxu altında saxlamağa çalışırlar. Bu da kənd sakinlərinin normal yaşamalarına mane olur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi diqqət və qayğı ilə yanaşır. İstər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir.
Rayon rəhbərliyi yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq ilk növbədə atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermışdir. Ötən il kənddəki 24 evin qarşısına istinad divarları çəkilmişdir. 603 p/m uzunluğunda olan bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllərdən qoruyur. Daha yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərinin həyətlərində rahat hərəkət edə, normal yaşaya bilirlər.
Məzəm kəndində evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi işi bu il də davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaşların müraciətlərini nəzərə alaraq kəndin daha 13 evinin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verib. İcra Başçısının tapşırığına əsasən kənddə qeyd olunan evlərin qarşısına nəzərdə tutulan 258 metr uzunluğu və 3 metr hündürlüyü olan müdafiə hasarlarının çəkilməsinə başlanılıb.
Bu gün İcra başçısı cənab Rəcəb Babaşov Məzəm kəndində sakinlərlə görüşüb, kəndin istinad divarları çəkilməsi nəzərdə tutulmuş evləri gəzərək vəziyyətlə yerində tanış olub.
İcra başçısı artıq evlərinin qarşısına istinad divarı çəkilən Nəsibov Vüqar Binnət oğlunun və Məmmədov Rafiq İsmayıl oğlunun evlərində olub. Ev sahibləri rayon rəhbərini səmimi qarşılayaraq Məzəm kəndində istinad divarlarının çəkilməsinə görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Eyni minnətdarlıq sözlərini artıq hasar çəkilməsi üçün özül qazılmış və həyətinə tikinti daşı tökülmüş Məmmədov Variz Tahir oğlu da söyləyib.
Sakinlərdən Məmmədov Misir Mehdi oğlu və Məmmədov Şofiq Məhəmməd oğlunun həyat yoldaşı Kəmalə Məmmədova istinad hasarları çəkildikdən sonra kəndə qayıdıb öz doğma evlərində yaşayacaqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov sakinlərlə səmimi görüşüb, söhbət edərək onlar tərəfindən qaldırılan hər bir məsələyə həmişə olduğu kimi, bundan sonra da diqqətlə yanaşılacağını qeyd edib. Bildirib ki, siz hər cür diqqət və qayğıya layiqsiniz.

 

Keçidlər