Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Qurtuluşdan Zəfərə doğru”

22 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı keçirilmişdir.
   “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik bayramında Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və başqaları  iştirak ediblər.
  Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəlib, abidəsi önünə tər gül dəstələri qoyaraq öz dərin ehtiramlarını bildiriblər.
  Daha sonra Azərbaycan ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin yaşadıqları evə vurulmuş xatirə lövhəsinin açılış mərasimi olub. 
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani açılış mərasimində çıxış edərək Cavad və Rüstəm Şıxliniskilərin ordu quruculuğundakı xidmətlərindən danışaraq onların həyat və fəaliyyətlərinin gənc nəsilə bir örnək olduğunu bildirib. Eyni zamanda, ilk general rütbəsini almış Süleyman Əfəndiyevin həyatından söz açaraq yaxın günlərdə onun adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin görüləcəyini bildirib. Əyinlərində ilk hərbi geyim olan suvari əsgərlərin tədbirə qatılması iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Lövhənin rəmzi açılışını bildirən ağ örpək götürüldükdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, bütün qazaxlıları möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edib, keçirilən tədbirin qazaxlıların yaddaşında uzun müddət silinməz izlər buraxacağını qeyd edib.
Qonaqlardan – Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Kamran Nəbizadə, BDU-nun mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək bu gün Qazaxda bu cür yüksək səviyyədə tədbirin təşkil olunmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Müdafiə Naziri Zakir Həsənovun adından bütün tədbir iştirakçılarını təbrik edib, Qazaxda vətənpərvərlik mövzusunda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Polkovnik Rüstəm bəyin nəvəsi Rüstəm Şıxlinski çıxış edərək bu cür yüksək səviyyəli tədbirin keçirilməsinə görə Respublika Prezidenti İlham Əliyevə və təşkilatçılara ailəsi adından öz dərin minnətdarlığını bildirib.
Möhtəşəm bayram tədbirində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad edilib, ruhlarına dua oxunub. “Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyub və şəhidlərə olan ehtiramlarını bildiriblər.
Daha sonra bayramsayağı bəzədilmiş Mədəniyyət Mərkəzinin qarşısında “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən bayram tədbirinə start verilib.
  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər, həlledici anlarda vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. 70 illik ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu qurban vermişdir. Hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu, öz qurtuluşunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü.
Tədbir incəsənət ustalarının bayram konserti ilə başa çatdı.

Vəli VƏLİYEV
“Respublika”

Keçidlər