Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsilə qayğı daim diqqət mərkəzindədir

05 iyul 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi qrupunun 2017-2018-ci tədris ilində rayon məktəblərində apardığı monitorinqin nəticələri ilə bağlı geniş şəkildə iclas keçirilib.
Rayon İcra Hakimiyyətində keçirilən iclasda RİHB Aparatının məsul işçiləri, Təhsil şöbəsinin əməkdaşları, işçi qrupunun üzvləri, rayonda fəaliyyət göstərən məktəb direktorları, müəllimlər iştirak edib. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bunun ildən-ilə daha böyük bəhrə verdiyini qeyd edib. Bildirib ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Bunun üçün rayonumuzda lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar çalışır. Şagirdlər də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə edir, sevindirici nəticələr qazanırlar. Zaman-zaman təhsil sahəsində möhkəm zəmin yaranmış, sağlam bünövrə daha da möhkəmlənmiş, məktəblərdə qabaqcıl ənənə formalaşmışdır.
Rayon rəhbəri bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahənin daha da qabaqcıl olması üçün İcra Başçısı kimi mən fəaliyyətə başladığım ilk gündən əlimdən gələni əsirgəməmişəm. Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilmişdir. Yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Məktəblilərin, eləcə də şagirdlərin daha yaxşı şəraitdə təhsil almaları, tədrisin yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşmışdır. Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu göstəricilər qazanılmışdır.
İcra Başçısı qeyd edib ki, təhsil sahəsi ilə bağlı əldə etdiyimiz ən uğurlu göstəricilərdən biri də işçi qrupunun yaradılması oldu. İşçi qrupunun yaradılmasında əsas məqsəd məktəbləri nəzarətdə saxlamaq deyil, əksinə təhsil sahəsinin inkişaf etdirilməsi idi. Şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərs demə bacarıqlarını müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirmək idi. Eyni zamanda, məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaq idi. Ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərdi ki, biz bu istəyimizə çatdıq. İşçi qrupunun yüksək fəaliyyəti sayəsində təhsilin keyfiyyətinin artırılmasına, məktəblə İcra Hakimiyyəti arasında sağlam əlaqələrin qurulmasına nail ola bildik.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək ötən tədris ilində işçi qrupunun fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Sonra işçi qrupunun məktəblərdə apardığı monitorinqin nəticələrinə əsasən dərs demə səviyyələrinə görə yüksək, orta və zəif göstərici ilə qiymətləndirilən müəllimlər müzakirə olunub. Adları zəif nəticə göstərənlər sırasında qeyd olunan müəllimlərə növbəti dərs ilində öz üzərilərində çalışmaları və fəaliyyətlərində dönüş yaratmaları bildirilib.
Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü,  Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova, Daş Salahlı kənd 1 nömrəli  tam orta məktəbin direktoru Söylü Xəlilova, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, məktəb-liseyin direktoru Tahirə Comərdova, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, işçi qrupunun üzvlərindən Tahirə Xasməmmədova, Rasim Carçıyev və başqaları çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə, istər müəllimlər, istərsə də şagirdlər üçün yaradılmış yüksək şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan uğurları əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün daha səylə çalışmağı tövsiyə edib. Bildirib ki, bunun üçün rayonumuzda hər cür imkanlar vardır. Bu imkanlardan səmərəli istifadə edilməli, daha böyük nailiyyətlər əldə olunmalıdır.

 

 

Keçidlər