Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni həkim məntəqəsində işlər sürətlə davam etdirilir

10 iyul 2018 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bütün sahələrlə yanaşı, səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. Rayonda istər şəhər mərkəzində, istərsə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür, sakinlərə bu sahədə diqqət və qayğı göstərilir. Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun kəndlərində yeni tibb məntəqələrinin inşa olunması buna əyani sübutdur.
Xəbər verdiyimiz kimi, rayonun Yuxarı Salahlı kəndində də daha bir həkim məntəqəsi tikilməkdədir. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilən məntəqədə qısa zaman kəsiyində əsas işlərin xeyli hissəsi görülüb. Demək olar ki, artıq məntəqədə son tamamlanma işləri aparılır.
Hörgü tam başa çatıb. Dam örtüyü  vurulub. Elektrik xətti çəkilib. Hazırda xarici və daxili fasadda suvaq işi görülür. Otaqlarda tavan vurulur. Qapı və pəncərələr sifariş olunub. Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, Yaponiya səfirliyinin,  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir.
8 otaqdan ibarət olacaq həkim məntəqəsi bütün müasir avadanlıqlarla tam təmin ediləcəkdir.

Keçidlər