Şriftin ölçüsü :

Saytın rəngi :

Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb

12 iyul 2018 | 16:00

Məlumat verdiyimiz kimi, 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır.
Memoranduma əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi “Avey” DTMQ-nın ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. 2017-ci il iyulun 17-dən 30-a kimi 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılar aparmışdır. Həmin il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılmışdır.
2015-ci ilin yayında bağlanan 3 tərəfli beynəlxalq memoranduma əsasən Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfə Damcılı mağara düşərgəsində növbəti qazıntı işlərinə start veriblər.  Mütəxəssislərin sözlərinə görə bu il də qazıntılar zamanı xeyli sayda tapıntıların əldə ediləcəkdir.

Keçidlər