Şriftin ölçüsü :

Saytın rəngi :

3 saylı bağçada son tamamlanma işləri görülür

19 iyul 2018 | 16:00

2 aydan çoxdur ki, şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçası üçün ayrılmış, vaxtilə təhsil şöbəsinin yerləşdiyi binada aparılan əsaslı tikinti işləri başa çatmaq üzrədir. Demək olar ki, bağça binasında son tamamlanma işləri görülür. Bağçada aparılan bütün işlər müasir standartlara cavab verən səviyyədə həyata keçirilir.
Tikinti başlayan ilk gündən mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikintinin keyfiyyətlə aparılması barədə hər zaman öz tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbəri bu gün də bağçada görülən son tamamlanma işləri ilə tanış olub.
İş icraçısı Süleyman Həsənov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binada demək olar ki, bütün əsas işlər başa çatıb. Hazırda otaqlarda müasir istilik sistemi üçün xətlər quraşdırılır. Bundan əlavə, üzlük vurulması işi görülür.
Binanın arxasında tikilən sanitar qovşaqları, mətbəx və anbarda da əsas işlər yekunlaşıb. Hasarlararası dəmir məhəcərlər qoyulub. Hazırda həyətə tamet döşənməsi işi də yekunlaşmaq üzrədir. Eyni zamanda, binanın xarici fasadında boyaq işlərinə başlanılıb.
Rayon rəhbəri təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətləndirilməsi, eyni zamanda keyfiyyətli aparılması barədə tapşırıq verib.
Məlumat üçün bildirək ki, bu gün Qazaxda 25 bağça (19-u kəndlərdə, 6-sı şəhərdə) fəaliyyət göstərir ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası və əsaslı şəkildə yenidən qurulan 2 saylı uşaq bağçası bu istiqamətdə aparılan məqsədyönlü işlərin bariz nümunəsidir.

Keçidlər