Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı təmir olunacaq çoxmənzilli binalara baxış keçirib

19 iyul 2018 | 16:00

Geniş tikinti meydançasını xatırladan Qazax rayonunda aparılan abadlıq işlərindən biri də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasıdır. Artıq 2 ildir ki, Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən bu proses uğurla həyata keçirilir. Həmin sərəncama uyğun olaraq 2017-ci ildə rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması bunun bariz nümunəsidir.
Sevindirici hal odur ki, çoxmənzilli binalarda aparılan abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilmişdir. Nəzərdə tutulan bu binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır.
Bir ay əvvəl “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunaraq bina sakinlərinin ixtiyarına verilməsi bu istiqamətdə görülən məqsədyönlü işlərin əyani göstəricisidir. Bundan əlavə, N.Nərimanov yaşayış massivində 32 çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq 11 binada görülən işlər tam başa çatdırılaraq sakinlərin ixtiyarına verilib. 13,31,32,41,42,43,44,45,46,47,48 saylı binalarda yüksək səviyyədə əsaslı təmir işləri aparılıb ki, bu da sakinlərin rahatlığının təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospekti və Ə.Şıxlinski küçəsində yerləşən və əsaslı şəkildə təmiri nəzərdə tutulan çoxmənzilli binalarla yaxından tanış olub, mövcud vəziyyətlə maraqlanıb.
Prospektdə yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı binalarda olan mövcud vəziyyəti yerində öyrənən rayon rəhbəri hər 3 binada əsaslı təmir işlərinin aparılması və görüləcək işlərlə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verib.
Sonra İcra Başçısı Ə.Şıxlinski küçəsində, “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beş mərtəbəli yaşayış binalarının son vəziyyəti ilə tanış olub. Bloklara baxış keçirərək mövcud olan çatışmazlıqları öyrənib.
Rayon rəhbəri istər prospektdə, istərsə də Ə.Şıxlinski küçəsində olan bütün binaların dam örtüklərinin dəyişdirilməsi, daxili və xarici fasadın əsaslı şəkildə təmir olunması, bloklarda qaz, elektrik və rabitə xətlərinin yenilənməsi, bloklara giriş qapılarının qoyulması, eləcə də binalarda olan zirzəmilərin təmizlənərək dərmanlanması, su matorlarının çölə çıxarılması barədə tapşırıq verib.
Hər iki ərazidə yaşayan bina sakinləri çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün qazaxlılar adından öz dərin minnətdarlıqlarını bildiriblər. Uzun illərdən bəri təmir aparılmayan çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb, binalarının təmir olunması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər..

Keçidlər