Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir

02 avqust 2018 | 16:00

Qazax rayonunda uşaq müəssisələrinin əsaslı təmiri və tikintisi davamlı xarakter almışdır. Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, əsaslı şəkildə təmir olunan şəhər 2 saylı uşaq bağçası, Daş Salahlı və Kosalar kəndlərində əsaslı şəkildə yenidən qurulan 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası və Cəfərli kənd uşaq bağçası bunun əyani sübutudur. Bundan əlavə, şəhərin mərkəzində yüksək keyfiyyətlə təmir olunan şəhər 3 saylı körpələr evi-uşaq bağçası bunun əyani sübutudur. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısı sayəsində yeni bir həyat verilən bağçalardan biri də Canalı kənd uşaq bağçasıdır. Qeyd edək ki, uşaq bağçasının binası günün tələblərinə cavab vermirdi. İcra Başçısı bunu nəzərə alaraq bağçanın əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Rayon rəhbərliyinin tapşırığına əsasən təmirdən sonra bağçanın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastrukturlar yaradılıb və müasir görkəmə salınıb. Belə ki, bağçada əsaslı təmir işləri aparılaraq bütün otaqlar yenidən qurulub. Binanın xarici fasadı və otaqlardakı divarlar rənglənib, döşəmə yenilənib. Bağçanın köhnə su-kanalizasiya xətti yenilənib. Yeni mətbəx yaradılıb və sanitar qovşaqlarda, eləcə də digər otaqlarda təmir işləri aparılıb. Ən əsası da müasir istilik sistemi ilə təmin olunub. Eyni zamanda uşaqlar üçün lazım olan bütün inventarlar alınıb.
Əsaslı təmirdən sonra uşaq bağçasının açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri bağçanın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, göz aydınlığı verərək ən xoş arzularını bildirib. Qeyd edib ki, bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı, uşaqlarla bağlı yürüdülən məqsədyönlü siyasət Qazax rayonunda da olduğu kimi həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün yaradılan yüksək şərait və göstərilən qayğı bütün bölgələrimizdə, o cümlədən də Qazax rayonunda artan temp və yüksək keyfiyyətlə davam etdirilir.
Rayon rəhbəri qeyd edib ki, artıq rayonda fəaliyyət göstərən bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses artan sürətlə davam edəcəkdir. Bu ilin sonuna kimi rayonumuzdakı bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır.
Bağça müdiri Mətanət Vəliyeva,Südabə Xəlilova, kənd sakinlərindən Nazim Məmmədov, Rüfət Mustafayev çıxış edərək respublikamızda uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Prezident İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. 
Uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar.

 

Vəli Vəliyev,

"Respublika"

Keçidlər