Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Qazaxda vətəndaşları qəbul edib

13 avqust 2018 | 16:00

Bu gün Təhsil Naziri Ceyhun Bayramov Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Nazir Ceyhun Bayramov və Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Nazir ümummilli liderin adını daşıyan Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Daha sonra mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq qəbul keçirilib. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbul zamanı vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

 

Keçidlər