Şriftin ölçüsü :

Saytın rəngi :

Prospektdə çoxmənzilli binalarda aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir

20 sentyabr 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə təmir işləri aparılan çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.
İcra başçısına məlumat verilib ki, təmir aparılan binalardan – 63 saylı binada görülən bütün işlər tam başa çatıb. 65 və 61A saylı binalarda bloklarda rənglənmə işləri görülür. Bundan əlavə, binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.
Görülən işlərlə tanış olduqdan sonra rayon rəhbəri hər bir binanın qarşısına asfalt vurulmasını və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib.
Bina sakinləri səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən işlərdən söz açıblar. Qeyd ediblər ki, bu gün Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin arasında rayonda olan çoxmənzilli binaların da əsaslı şəkildə təmir olunması bizi çox sevindirir. Biz sakinlər bu görülən işlər sayəsində dövlət başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son 2 il 4 ay ərzində uğurla icra edildiyinin şahidi oluruq. Bu məqsədlə ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun bariz nümunəsidir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin uğurla həyata keçirilməsi deməkdir.
Sevindirici haldır ki, bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binaları həmin tam təmirli binalar sırasındadır. 
Sakinlər bildiriblər ki, biz də sevinirik ki, bu gün bizim yaşadığımız Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı yaşayış binalarında da əsaslı təmir işləri aparılır. Demək olar ki, bu binalarda da işlərin çox hissəsi görülüb. Təmir aparılan bütün binaların bloklarında divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb. Bir sözlə, görülən bütün işlər göz oxşayır.
Çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirən bina sakinləri ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər.
Məlumat üçün bildirək ki, "Gillik” adlandırılan ərazidə yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında da görülən işlər sürətlə davam etdirilir.
4 saylı binada dam örtüyünün vurulması və bloklarda görülən işlər tam başa çatıb. Bütün bloklarda elektrik və telefon xətləri səliqəyə salınıb. Hazırda binanın xarici fasadında son tamamlanma işləri aparılır.
5 saylı binada da 3 blok tam hazırdır. Bir blokda isə rənglənmə işləri və binanın dam örtüyünün dəyişdirilməsi sürətlə davam etdirilir.

Keçidlər