Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tikilən Aqroparkda görülən işlər yekunlaşmaq üzrədir

11 oktyabr 2018 | 16:00

Bu gün iqtisadi inkişaf istiqamətində irəliləyən Azərbaycan dünya dövlətləri sırasında dayanan ölkələrdəndir. Hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası uğurla reallaşdırılır. Respublikamızda həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü tədbirlər həm ölkəmizin sosial-iqtisadi inkişafının davamlı olmasına, həm də iqtisadiyyatın neft amilindən asılılığının azalması üçün geniş imkanlar yaradır. Bu gün demək olar ki, elə bir sahə yoxdur ki, orada olan inkişaf, tərəqqi gözə çarpmasın. Respublika Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində çoxsaylı sərəncam və fərmanlar imzalaması, regional inkişaf siyasətində, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması bunun əyani sübutudur.
Ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr respublikamızın hər yerində oluğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda yeni-yeni kənd təsərrüfatı obyektləri, sənaye müəssisələri yaradılır.
Rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdəndir. Belə ki, rayonda yaradılmış bu Aqropark həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Aqroparkda görülən son tamamlanma işləri ilə tanış olub.
Layihə rəhbəri Kamil Əlimirzəyev məlumat verərək qeyd edib ki, əsas işlər tam başa çatıb. 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi yekunlaşıb. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb.
Aqroparkda ən böyük işlərdən biri olan Xram çayı üzərində 3 pilləli nasos stansiyalarının tikilməsidir ki, bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir. Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.
Bundan əlavə, 2600 tonluq soyuducu anbar da tam hazırdır. Anbarda avadanlıqların sınaq testləri də aparılıb. Bu gün həmin anbarlarda məhsullar saxlanılır. Bildirilib ki, tam hazır olan inzibati binada da bütün avadanlıqlar quraşdırılıb. Qeyd edilib ki, bütün işlər paralel şəkildə həyata keçirilib. Kompleksin həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.
Aqroparkla tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.
Sonra rayon rəhbəri və administrasiya nümayəndəsi təsərrüfatda çalışan işçilərlə görüşüb. Onlar üçün yaradılan şəraitlə, göstərilən diqqət və qayğı ilə maraqlanıb. İşçilərdən Südabə Mansırova çıxış edərək Respublika Prezidenti İlham Əliyevə yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması sahəsində gördüyü işlərə görə bütün işçilər və kənd sakinləri adından dərin minnətdarlığını çatdırıb. Aqroparkda rahat şəkildə çalışmaları üçün hər cür şərait yaradıldığını bildirib.
Daha sonra təsərrüfata məxsus əkin sahələrinə baxış keçirilib.
Layihə rəhbəri bildirib ki, yeni yaradılmasına baxmayaraq Aqroparkda təsərrüfatın bu il məhsuldar dövrüdür. Bu il 1024 hektar sahədə əkin işləri aparılmışdır. Göstərilən sahənin 190 hektarında qarğıdalı, 214 hektarında noxud, 214 hektarında kartof, 406 hektarında isə taxıl əkilmişdir. Bildirib ki, qarğıdalı, noxud yığımı, buğda və arpa biçini başa çatıb. Payızlıq şum işləri bitib. Hazırda kartof yığımı uğurla davam edir. Bundan əlavə, toxumçuluğun inkişaf etdirilməsi istiqamətində 25 hektarda da payızlıq kartof əkilib.

 

Keçidlər