Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılmışdır

12 dekabr 2014 | 16:00

      Ümumilli Lider Heydər Əliyevin vəfatının  ildönümü ilə əlaqədar hər il olduğu kimi,   bu il də Qazax rayonunda silsilə tədbirlər həyata keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə müəssisələrində, əmək kollektivlərində  Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

     Ulu Öndərin vəfatının 11-ci ildönümü ilə əlaqədar həmin silsilə tədbirlər çərçivəsində Ümumilli  Liderin adını daşıyan parkdakı əzəmətli abidəsi  önündə  təntənəli  anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin, hərbi  hissələrin, hüquq-mühafizə orqanlarının rəhbərliyi,  əsgər və zabitlər, idarə, müəssisə və təşkilatlar, din xadimləri, çoxsaylı əmək kollektivləri, ağsaqqallar, əmək və müharibə veteranları, gənclər, QHT və KİV nümayəndələri iştirak etmişlər. Orada Ümumilli Liderin abidəsi önünə tər qərənfil dəstələri qoyulmuş, xatirəsi ümumxalq sevgisi və  böyük ehtiramla yad edilmişdir.
    Sonra tədbir Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilən elmi konfransla davam etdirilmişdir. Əvvəlcə,Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılmış və  Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş  "Ömür yolu" adlı film nümayiş etdirilmişdir. Mərasim iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini,  Qazax rayonuna  tarixi səfərlərini  əks etdirən foto və stendlərlə, eksponatlarla bir daha yaxından  tanış olmuşlar.
    Elmi konfransda Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə  ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, Ulu Öndərimizin əbədiyyətə qovuşmasından 11 il ötür. Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarında  çoxsaylı insanlar Ümummilli  Liderin abidəsiniı ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, Ümummilli  Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət  hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır, yaşanır və əbədi yaşayacaq! Çünki millətinin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda quruculuq işləri bu gün sürətlə davam etməkdədir.
Azərbaycan xalqı  fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan Ulu  Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul etmişlər.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Hazırda hamımızın obyektiv olaraq Azərbaycanda müasir intibah dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illər o vaxta qədər xalqın qəlbində və ən ülvi niyyətlərində illərlə gizli qalan milli ideyanın, azadlıq və müstəqillik, suveren Azərbaycan dövləti ideyasının dirçəldilməsi, onun ideya-mənəvi özəyinin və gələcək milli azadlıq hərəkatının hərəkətverici qüvvəsi səviyyəsinə yüksəlməsi üçün əlverişli zəmin yaratdı. Məhz bu dövrdə Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni-mənəvi firavanlığının əsasını qoydu.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində, dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Heydər Əliyev ölkənin müasir inkişafı üçün möhkəm təməl qoydu, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunmasını təmin etdi, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaratdı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məramı  uğrunda  səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı.
«Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib» - deyən Ümummilli Liderimizin ən başlıca  keyfiyyəti xalqımıza ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməsi idi. Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir O, bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu kəlmələri deyən Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli alovlandırmışdır.
    Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 10 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
     XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin mühtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Konfransda ayrı-ayrı natiqlər çıxış etmişlər və Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındaki tarixi və misilsiz xidmətlərindən danışmışlar.
       

Keçidlər