Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda inşa olunan Mərkəzi Xəstəxana binası səhiyyə sahəsinə olan diqqətin əyani göstəricisidir

06 noyabr 2018 | 16:00

Bu gün Qazax rayonunda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Bu sahədə rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Rayonumuzda inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisi bunun əyani göstəricisidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov yeni səhiyyə ocağının tikintisi ilə tanış olub, görülən işlərlə maraqlanıblar.
Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, başa çatıb. Köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılır. Avadanlıqlar quraşdırılır. Hal-hazırda kanalizasiya xətti qoşulur. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənir.
Qeyd edib ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana tikintisi başa çatdıqdan sonra bölgənin ən müasir səhiyyə müəssisələrindən biri olacaqdır. 10 korpusdan ibarət olacaq  binada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. İş icraçısı bildirib ki, inşa olunan bu 5 korpusdan əlavə xəstəxana binasında təcili tibbi yardım, dializ və ümumi cərrahiyə şöbələrinin də özül hissəsi tökülüb. Bu korpuslar da inşa olunacaqdır.
Məlumat üçün onu da bildirək ki, 5 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi tikilib. Hazırda işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, 5 korpus yaxın günlərdə istifadəyə veriləcəkdir.
Bu gün rayon sakinləri respublikamızda, eləcə də Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırırlar. Düşmənlə 168 km sərhəddi olan Qazaxda belə yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını Qazax səhiyyəsinə, bütövlükdə qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirirlər.

 

Keçidlər