Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı hərbi-çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərlə görüşüb

13 noyabr 2018 | 16:00

Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır.
Bu gün Qazax rayonunda bütün sahələrdə olduğu kimi, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında, öz millətinə, xalqına, Vətəninə hörmət hissi ilə böyüməsi sahəsində də məqsədyönlü işlər görülür. Gənclərimizin Vətəninə olan müqəddəs bir borcu vardır ki, bu da hərbi xidmətdə olmaq, doğma torpaqlarının keşiyində dayanmaq, lazım gələrsə canından belə keçməyi gözə almaqdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər bir sahəyə olduğu kimi, gənc çağırışçılara daim diqqət və qayğı göstərir. Bunu rayon rəhbərinin istər gənclərin hərbi xidmətə yolasalma mərasimlərində, istərsə də hərbi xidməti başa vurmuş gənclərin qarşılanma tədbirlərində iştirak etməsindən də aydın şəkildə görmək olar.  Bundan əlavə, rayon rəhbəri ordu sıralarına çağırılmış gənclərimizin hərbi-çağırış komissiyasından düzgün qaydada keçirilməsinə də xüsusi diqqət ayırır.
Bu gün icra başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində fəaliyyət göstərən hərbi-çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərlə görüşüb.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri hərbi-çağırış komissiyasının yeni tərkibi ilə tanış olub.
Sonra icra başçısı rayonumuzda vətənpərvərlik hissinin və gənclərimizin hərbi xidmətə getmək istəyinin hər zaman yüksək səviyyədə olduğunu bildirib. Bu baxımdan gənclərin hərbi xidmətə yola düşməzdən əvvəl hərbi həkim komissiyasının müayinəsindən keçməsinin, həkimlər tərəfindən verilən rəylərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Görüş zamanı bildirilib ki, bu sahədə çalışan hər bir həkim ilk növbədə onlara müraciət edən gənclərə öz övladı kimi baxmalı, onların səhhətinin düzgün qaydada yoxlanılması üçün hər zaman xüsusi diqqət ayrılmalıdır. Əgər səhhətlərində hər hansı bir problem olarsa, dərhal bildirilməli və gənclərə düzgün yol göstərilməlidir. Bununla bağlı gənclərlə psixoloji söhbətlər aparılmalı, onlara dəstək olunmalıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək bildirib ki, bu gün Qazax rayonunda hərbi xidmətə getmək istəyən bütün gənclərin həkim-çağırış komissiyasından düzgün şəkildə müayinə olunmasına, bu sahədə görülən işlərin yüksək səviyyədə həyata keçirilməsinə
hər zaman nəzarət olunur. Gənclərimizə, xüsusilə də bu sahəyə diqqət və qayğı ayırmasına görə rayon rəhbərinə minnətdarlığını bildirib.
Hərbi-çağırış komissiyasının üzvlərindən – ftiziator Solmaz Hüseynova, otolarinqoloq Zibeydə Musayeva başqaları çıxış edərək qaldırılan bu mövzunun olduqca aktual bir mövzu olmasını qeyd ediblər. Məsələ ilə bağlı öz təklif və tövsiyələrini bildiriblər.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova da gənclərlə bağlı bu məsələnin olduqca böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını çatdırıb.

Keçidlər