Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax sement zavodunda tələbələrə təqaüd kartları verilmişdir

26 dekabr 2014 | 16:00

Respublika Prezidenti İlham Əliyev cənablarının Sərəncamına əsasən 2014-cü ilin ”Sənaye ili” elan olunması sənayenin inkişafı ilə yanaşı bu sahədə həyata keçirilən tədbirlərin artmasına da səbəb olmuşdur. Qazax sement  zavodunun istifadəyə verilməsindən bir ildən bir az çox vaxt keçməsinə baxmayaraq bu istehsal sahəsi ölkəmizin sementə olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynamağa başlamışdır. Ötən müddət ərzində zavodun istehsal gücü daha da artmış, məhsul istehsalı və çeşidləri çoxalmış, regionun ən böyük sənaye müəssisələrindən birinə çevrilmişdir.

Bütün bunlarla yanaşı zavod rəhbərliyi elm və təhsilə də böyük diqqət və qayğı göstərir, gənclərdə sənaye sahəsinə maraq oyadılması istiqamətində də mühüm tədbirlər həyata keçirir.

Bu günlərdə zavodda Qazax rayonundan bu il qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir. Tələbələr əvvəlcə zavodla ətraflı tanış olmuş, istehsal müəssisəsi haqqında məlumat almışlar. Sonra akt zalında zavodun rəhbərliyi ilə tələbələrin, onların vaxtilə təhsil aldıqları orta məktəblərin müəllim və direktorlarının, valideynlərin iştirakı ilə görüş keçirilmişdir.

İnsan resursları şöbəsinin rəisi Şahin Həsənov  giriş sözü ilə çıxış edərək keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışmışdır. Zavodun administrativ işlər departamentinin direktoru Əlif Məmmədov gənclərə zavodda böyük diqqət və qayğı göstərildiyini bildirmiş, tələbələrə gələcəkdə iş yeri kimi sement zavodunu seçməyi tövsiyə etmişdir. Tədbirdə rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, müəllimlərdən Tahirə Xasməmmədova, tələbələrdən Türkan Qurbanzadə, Tural Babayev çıxış edərək rayonda ilk dəfə olaraq belə bir  tədbiri keçirdiyinə və tələbələrə qayğı, diqqət göstərildiyinə görə zavodun direktoru Hikmət Qəribova öz dərin minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda 8 nəfər tələbəyə zavod tərəfindən təqaüd  kartları və qiymətli hədiyyələr verilmişdir. Eyni zamanda məktəb direktorlarına və müəllimlərə də qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər