Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli binalarda yaşayan sakinlərlə səyyar görüş keçirilib

29 noyabr 2018 | 16:00

Günü-gündən sürətlə inkişaf edən, yeniləşən Azərbaycan bu gün dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Ölkəmiz nəinki qazanılan uğur və nailiyyətləri, eləcə də aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən çoxsaylı layihələri ilə güclü bir dövlət olduğunu bütün dünyaya sübut edir.
Diqqət çəkən məqamlardan biri də odur ki, aparılan bu sürətli və dinamik inkişaf paytaxt Bakı ilə yanaşı, respublikamızın digər bölgələrində də uğurla davam etdirilir. Bu inkişafı Qazax rayonunun simasında son iki il yarım ərzində görülən işlərdən aydın şəkildə görmək olar. Ötən müddətdə aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan nailiyyətlər bunu söyləməyə əsas verir.
Qazaxda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də vətəndaş amilidir. Son iki il yarımda rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması artıq bir ənənə halını alıb.
Növbəti səyyar görüşlərdən biri isə bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 1 saylı binada (dəmiryol binası) yaşayan sakinlərlə olub.
Çoxmənzilli binanın qarşısında keçirilən görüşdə RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Səmimi söhbət əsasında keçən görüşdə rayonumuzda görülən tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz açılıb, qazanılan uğurlardan, sakinləri narahat edən qayğılardan danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri salamlayıb və bildirib ki, bugünkü görüş cari ilin proqramına uyğun olaraq nəzərdə tutulmuş səyyar görüşdür. Bildirib ki, keçirilən bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
Rayon rəhbəri  qeyd edib ki, Prezident İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət dayanır. Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön plana çəkildiyini vurğulayıb. Rəhbər kimi təyin olunduğu ilk gündən hər zaman sakinlərin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin istəyini, mövqeyini hər şeydən üstün tutduğunu diqqətə çatdırıb.
2016, 2017-ci illərdə rayonumuzda aparılan quruculuq işlərini müqayisə edən icra başçısı bu il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazaxda görülən işlərin daha geniş vüsət aldığını bildirib.
İcra başçısı istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından söz açaraq bildirib ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın.
Qeyd edib ki, bu gün Qazaxda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107 nəfərin işləməsi o deməkdir ki, yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında son tamamlanma işlərinin aparıldığını bildirib. Bütün müəssisələrdə avadanlıqların quraşdırıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamdan söz açan icra başçısı son iki il yarım ərzində həmin Sərəncamın uğurla icra edildiyini bildirib. Rayon rəhbəri həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 47 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın həyətində bu işin davam etdirildiyini qeyd edib. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 125 ədədinin yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib.
Cari ildə Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq göstərib.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla icra olunduğunu diqqətə çatdıran rayon rəhbəri həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Hal-hazırda bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı şəkildə təmir olunduğunu bildirib.  Rayon rəhbəri vurğulayıb ki, şəhərdə yerləşən digər binalar kimi, sizin yaşadığınız bu bina da nümunəvi olacaq və şəhərin gözəlliyinə yeni bir rəng qatacaqdır.
Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük önəm verib. Rayon rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi diqqət və qayğıya, tarixi əhəmiyyətli Sərəncama görə bütün qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün bunlar isə dövlətimizin və dövlət başçısının təhsil sahəsinə olan böyük qayğısıdır.
Rayon rəhbəri son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, ötən ay açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu bildirib.
İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin çəkilməsi, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu iş başa çatıb, Fərəhli kəndində isə davam edir.
İcra başçısı bildirib ki, hər kəsə yaxşı məlumdur ki, rayonda həll olunmayan bir məsələ var ki, o da su-kanalizasiya xəttinin çəkilməsidir. Bu istiqamətdə də məqsədyönlü işlər görülür və yaxın vaxtlarda işlərə başlanılması nəzərdə tutulub.
Rayon rəhbəri qeyd edib ki, bu gün görülən bütün işlər, həyata keçirilən genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib.
İcra başçısı bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə iyulun 12-dən fəaliyyətə başlayan İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Qazaxda həyata keçirdiyi layihəni əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən iş kimi yüksək qiymətləndirib. 4 nəfər rayon sakinin hər birinə 0,5 hektar bölünməklə, cəmi 2 hektar sahədə 1000 ədəd ərik ağacının əkilməsini və bağ salınmasını vətəndaş amilinin ön planda tutulmasına bariz nümunə olduğunu bildirib.
Sakinlərdən Məhəmməd Yusifov, Məmməd Məmmədzadə, Həqiqət Məsiyeva, Mustafa Mustafayev, Donara Yusifova, Rəna Orucova, Tamara Rəhimova və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən müddət ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər.
Bugünkü səyyar görüşü yüksək qiymətləndirən bina sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən binanın qarşısına işığın çəkilməsi, digər binanın təmir olunması, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.
Görüş başa çatdıqdan sonra rayon rəhbəri binada görülən işlərlə də tanış olub, tapşırıq və tövsiyələrini verib.

Keçidlər