Şriftin ölçüsü :

Saytın rəngi :

Əsaslı şəkildə yenidən qurulan 6 saylı bağçada işlər yekunlaşmaq üzrədir

07 yanvar 2019 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, 2018-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı. Rayonda yeni avtomobil yollarının çəkilməsi, sosial obyektlərin, müəssisələrin, məktəblərin inşa olunması və s. bu dediklərimizin əyani sübutudur.
Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görüldü.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı bağça tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi yola saldığımız 2018-ci ildə də uğurla davam etdirildi.
Ümumiyyətlə, son iki il yarımda rayon rəhbərinin uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu gün Qazaxda olan 25 uşaq bağçasından 18-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Yola saldığımız 2018-ci il şəhərin mərkəzində yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının kollektivi üçün də uğurlu bir il oldu. Belə ki, tələbata cavab verməyən digər bağça binaları kimi 6 saylı bağçanın da əsaslı şəkildə yenidən qurulmasına başlanıldı. Binanın dam örtüyü, otaqların qapı və pəncərələri, tavan və döşəmələri yeniləndi. Bağçaya müasir istilik sistemi çəkildi. Binanın daxilində və həyətində abadlıq işləri aparıldı. Həyətə tamet döşəndi, dekorativ və həmişəyaşıl gül kolları əkildi. Bağça binasının ətrafına hasar çəkildi və suvaq işi görüldü. Bağçanın giriş hissəsinə yeni darvaza qoyuldu. Bundan əlavə, bağçanın həyətində gözətçi otağı tikildi.
Hazırda isə bağçada son tamamlanma işləri aparılır.
Bu gün rayon rəhbərliyi əsaslı şəkildə yenidən qurulan 6 saylı bağçada görülən son tamamlanma işləri ilə tanış olublar.
Rayon rəhbərliyinə görülən işlər barədə məlumat verilərək bildirilib ki, rənglənmə işlərinə başlanılıb. Binanın xarici fasadında bu iş demək olar ki, yekunlaşıb. Otaqlarda isə birinci qat rənglənib. Sabahdan ikinci dəfə rənglənəcəkdir. Bundan əlavə, laminat vurulmasına başlanılacaq.

Keçidlər