Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: 25 uşaq bağçasından 18-i müasir standartlar səviyyəsinə çatdırılıb

18 yanvar 2019 | 16:00

Yazının sərlövhəsinə çıxardığımız bu sözlərin ardı olaraq qeyd etmək istərdim ki, bu işlər son iki il yarım ərzində görülüb.Primitiv, heç bir şəraiti olmayan tikililərdən indi əsər-əlamət belə qalmayıb. Hazırda bu bağçalar həm öz görkəmi, həm də yaradılmış şəraiti ilə seçilir.

Yola saldığımız 2018-ci ildə də rayonda uşaq bağçalarına diqqət və qayğı unudulmadı.Əksinə bu sahədə daha yaddaqalan işlər həyata keçirildi. Ötən il ikisi şəhərin mərkəzində, biri isə kənddə olmaqla 3 bağça tamamilə yenidən qurulduqdan sonra körpələrin istifadəsinə verildi. Bunlar şəhər 2, 3 saylı və İkinci Şıxlı kəndindəki 2 saylı körpələr evi-uşaq bağçalarıdır.

Bir məqamı gəlin etiraf edək. Rayon rəhbərinin uşaq bağçalarına münasibəti yaxşıdırsa, həmin sahəyə diqqəti və qayğısı varsa, bu vacib təlim-tərbiyə ocaqlarına vaxtaşırı baş çəkirsə, problemlərinin həllinə kömək göstərirsə, orada vəziyyət ürəkaçan olacaq. Məhz rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda fəaliyyətə başladığı ilk günlərdən belə bir mövqe tutması, prinsipiallıq göstərməsi bu sahədə ürəkaçan bir mənzərə yaradıb. Maraq üçün şəhərdəki 1,2,3,4,5 saylı, Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarına baş çəkin, şəraitə baxın, o zaman özünüz əmin olacaqsınız ki, sərhəd bölgəsi olan bir rayonda uşaq bağçalarına necə münasibət var. Adlarını çəkdiyimiz bu məktəbəqədər müəssisələrin hamısı son iki il yarımda bu vəziyyətə gətirilib.

Keçən il şəhərin mərkəzində 90 yerlik 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması işinə başlanması da bu isti münasibətin nəticəsi idi. Binanın dam örtüyü, otaqların qapı və pəncərələri, tavan və döşəmələri yeniləndi, müasir istilik sistemi çəkildi. Binanın daxilində və həyətində abadlıq işləri aparıldı. Həyətə tamet döşəndi, dekorativ və həmişəyaşıl gül kolları əkildi, binanın ətrafına hasar çəkildi. Bağçanın giriş hissəsinə yeni darvaza qoyuldu, gözətçi otağı tikildi və sair. Hazırda  bağçada bütün işlər yekunlaşıb. Avadanlıqlar yerləşdirilib. Demək olar ki, bağça açılışa tam hazırdır.

Tikilən, yenidən qurulan obyektlərə gün ərzində hətta bir neçə dəfə baş çəkməyi adət etmiş Rəcəb Babaşov yenə də 6 saylı körpələr evi-uşaq bağçasına gəlmiş, son işlərlə yerində tanış olmuş, öz tövsiyələrini vermişdir.

Bağça müdiri Elnarə Məmmədli yaradılan yüksək şəraitə görə ölkə rəhbəri İlham Əliyevə kollektiv və  valideynlər adından dərin minnətdarlığını bildirmişdir.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

Keçidlər