Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Salahlı kənd icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib

30 yanvar 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Orta Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev və kənd sakinləri iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə həyata keçirilən bütün işlərdə uğurlar arzulayıb. Qeyd edib ki, bu gün tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Azərbaycan ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə layiqli yerini tuta bilib. Sevindirici hal isə odur ki, bu inkişaf ölkəmizin bütün bölgələrini, rayonlarını, şəhərlərini, qəsəbələrini və kəndlərini əhatə edib. 2018-ci ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edən birinci müavin bildirib ki, bu gün bölgələrimizdə olan dinamik inkişafı Qazax rayonunun timsalında daha aydın şəkildə görmək olar. Belə ki, son iki il yarımda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, sosial layihələr, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər həmin inkişafın bariz nümunəsidir.
Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən işlərin böyük miqyas aldığını qeyd edən birinci müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini həmin abadlıq işlərinə nümunə göstərib və 2018-ci ilin uğuru kimi dəyərləndirib.
Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan M.Alıyev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin - Kosalar, Kəmərli, Qaymaqlı kənd məktəblərinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub. Birinci müavin Orta Salahlı kənd tam orta məktəbin də əsaslı şəkildə təmir olunması üçün lazımi tədbirlərin görüldüyünü və növbəti illərdə dövlət proqramına salınacağını qeyd edib.
Bildirib ki, bu il qəbul imtahanlarının nəticələrinə görə Qazax rayonunun respublika məktəbləri arasında 3-cü yerdə dayanması, qazaxlı məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından birinci yeri tutaraq qalib kimi qayıtmaları Qazaxda təhsil sahəsinə göstərilən qayğının öz bəhrəsini verdiyini bir daha sübut etdi. Əldə olunan bütün uğurlar onu deməyə əsas verir ki, çəkilən zəhmətin bəhrəsi heç vaxt itmir. M.Alıyev vurğulayıb ki, yola saldığımız 2018-ci il həm də ölkəmizdə elmin, təhsilin inkişafında xüsusi rolu olan Qazax rayonunun ziyalılarına verilən qiymətlə yadda qaldı. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla ötən il daha əlamətdar oldu. Ən əsası isə bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalıları, tarixi şəxsiyyətləri ilə seçilib.
M.Alıyev bildirib ki, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalaması Qazax ziyalılarına verilən yüksək dəyərlə yanaşı, bu ilin uğurlu bir il olmasından da xəbər verir.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan birinci müavin bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirən birinci müavin Qazaxbəyli kənd uşaq bağçasının da həmin bağçalar sırasında olduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə bir neçə kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də Orta Salahlı kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.
Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Bildirib ki, dövlət başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, Sərəncamlar Qazaxda da uğurla icra olunur. Bu gün rayonda olan yüksək keyfiyyətli yollara Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini misal olaraq göstərib. Uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib və bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib.
M.Alıyev rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıqdan danışaraq 2018-ci ili kənd təsərrüfatı ili kimi dəyərləndirib. Bildirib ki, bu inkişafı əkin sahələrinin hektarından da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.
Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan birinci müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.
Orta Salahlı kənd İƏD-si üzrə nümayəndə Azim Xəlilov hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizdə, eləcə də rayonumuzda həyata keçirilən genişmiqyaslı işlərdən danışdıqdan sonra qeyd edib ki, başa vurduğumuz 2018-ci il Qazax rayonu, eləcə də kəndimiz üçün hər bir sahədə uğurlu olub. Bildirib ki, Orta Salahlı kənd icra nümayəndəliyinin ərazisində iki kənd - Orta Salahlı və Qazaxbəyli kəndləri yerləşir. İki kəndin birlikdə 831 təsərrüfatı, 3068 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 uşaq bağçası, 1 folklor evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt rabitə şöbəsi, 1 elektron ATS fəaliyyət göstərir.
Hesabat ilində vətəndaşlardan müxtəlif mövzuda 4 yazılı və 26 şifahi müraciət daxil olmuşdur. Həmin müraciətlərə yerində baxılmış və müsbət həll olunmuşdur. İcra nümayəndəliyi üzrə 2018-ci ildə 19 məktub daxil olmuş, 666 arayış və məktub göndərilmişdir. Hesabat dövründə 26 doğum, 11 nigah, 14 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında, o cümlədən, əhalidə olan mal-qara və quşlar uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmışdır. Orta Salahlı kənd icra nümayəndəliyi ərazisində klub, diyarşünaslıq evi, kitabxana fəaliyyət göstərir. Diayarşünaslıq evinin, klub və kitabxanaların işçiləri tədbirlərin keçirilməsində yaxından iştirak edirlər.
Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbində 160 şagird təhsil alır. 25 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbin 1 məzunu ali, 4 məzunu isə orta ixtisas məktəbinə daxil olmuşdur. Məktəbin həyətində Orta Salahlı kənd sakini tərəfindən 1 ədəd bulaq tikilmişdir.
Qazaxbəyli kənd tam orta ümumtəhsil məktəbində isə 128 şagird təhsil alır. 29 nəfər müəllim təlim-tərbiyə işləri ilə məşğuldur.  Keçən il məktəbin 1 məzunu ali, 3 məzunu isə orta ixtisas məktəbinə daxil olmuşdur.
Qazaxbəyli kənd uşaq bağçası 20 uşaq olmaqla 1 qrupdan ibarətdir. Bağçada uşaqların ərzaq məhsulları ilə təmin olunmasına, uşaqların bağçaya davamiyyətinə ciddi nəzarət olunur. Hesabat ilində nümayəndəlik tərəfindən bağçanın otaqları və fasad hissəsi təmir edilmiş, həyətində kanalizasiya quyusu qazılaraq 20 metr uzunluğunda kanalizasiya xətti, 30 metr uzunluğunda isə bağçanın mətbəxinə su xətti çəkilərək 1 ədəd su qızdırıcı (ariston) quraşdırılmışdır. Bundan əlavə, 1 ədəd qab-qacaq yumaq üçün mətbəx şkafı, 1 ədəd paltar şkafı, 1 ədəd qaz plitəsi, 4 ədəd stul, bağçanın 5 ədəd pəncərəsinə pərdə və pərdə asılqanı, yumşaq inventarlar və mətbəx əşyaları alınmış, otaqların qızdırılması üçün bağça dizel yanacağı ilə təmin olunmuşdur. Uşaq bağçasına 2 gözətçi ştat vahidi verilmiş, Qazax Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmış 2 nəfər Qazaxbəyli kənd sakinləri gözətçi ştatı ilə təmin olunmuşlar.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Orta Salahlı həkim məntəqəsi və Qazaxbəyli tibb məntəqələrinin kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.
Orta Salahlı və Qazaxbəyli kəndlərində 2018-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur.
Orta Salahlı kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Elektron ATS tipli stansiyanın kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 548 nömrəli yeni elektron ATS fəaliyyət göstərir. Hesabat ilində Qazaxbəyli kəndinə əlavə olaraq 50 ədəd nömrə verilmişdir. Həmin telefon xəttinin çəkilməsi üçün 15 ədəd telefon dirəyi quraşdırılaraq 2600 metr kabel çəkilmişdir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və kompüter xidməti təmin olunmuşdur.
Ölkə başçısının rəhbərliyi altında bu gün görülən bütün işlər, həyata keçirilən genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib.
2018-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Orta Salahlı və Qazaxbəyli kəndlərinin hər birində 4 dəfə olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, onları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Qazaxbəyli kəndində səyyar görüş zamanı sakinlər kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, Orta Salahlı kəndində isə kənd ərazisindən keçən drenaj xəttinin təmizlənməsi ilə əlaqədar məsələ qaldırılmışdı. Rayon rəhbəri elə görüş zamanı qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlarını vermişdir. Qısa vaxt ərzində verilən tapşırıqlara uyğun olaraq Orta Salahlı kəndində Qazax Melioservis İdarəsinin texnikası və işçilərinin köməkliyi ilə 70 metr uzunluğunda drenaj xətti çıxarılıb, yeni qoşa xətt (140 m) çəkilmiş, Qazaxbəyli kəndində isə Qazax Elektrik şəbəkəsi tərəfindən 2 ədəd qəzalı vəziyyətdə olan köhnə elektrik dirəkləri yeni beton dirəklərlə əvəz olunmuşdur. 
Kənd icra nümayəndəliyi işini Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi ilə birgə qurmaqla bir çox işlər görmüşdür. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmiş, kənd sakinlərinin iştirakı ilə Bakı-Tbilisi magistral yolunun, kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun kənarlarında, kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmış, Orta Salahlı kənd qəbiristanlığının giriş qapısı təmir edilmişdir. Kənd sakinlərinin zibil tullantılarını atması üçün texnika vasitəsilə Orta Salahlı kəndində 2 ədəd, Qazaxbəyli kəndində isə 1 ədəd xəndək qazılmış, zibil tullantıları atılan sahələr təmizlənmiş, kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılaraq təkrar zibil atan vətəndaşlara qarşı inzibati cəza tədbiri görüləcəyi haqda məlumat verilmişdir.
Orta Salahlı kəndinə gələn içməli su xəttinin kəndin ərazisindən keçən hissəsində su borusu və nümayəndəlik ərazisində olan 2 ədəd artezianın nasosları, kənd ərazisində olan avtobus dayanacağı təmir edilmiş, Qazaxbəyli kəndinin kəndarası yollarına 15 maşın qum-çınqıl tökülərək texnika vasitəsilə hamarlanmışdır. 
Ölkə başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq bir nəfər aztəminatlı Orta Salahlı kənd sakini Qarayev Osman Qara oğluna fərdi təsərrüfatını qurmaq üçün 21 baş xırdabuynuzlu heyvanlar verilmişdir.
Orta Salahlı və Qazaxbəyli kəndinin ərazisinin 1312 hektarı xüsusi mülkiyyətə, 1198 hektarı bələdiyyə mülkiyyətinə, 137 hektarı isə dövlət mülkiyyətinə aiddir (cəmi 2647 hektar). Ərazidə 2079 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur ki, bunun da 1359 hektarı suvarılan sahələrdir. Qalan suvarılmayan 720 hektardan 300 hektarı dəmyə pay torpağı, 420 hektarı isə örüş sahələridir.
Hər iki kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənd sakinlərinin torpağa olan marağı günü-gündən artır. Bunu kəndlərdə əkin sahələrinin ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 1037,6 hektarda, 2017-ci ildə 1164,1 hektarda, 2018-ci ildə 1173,7 hektarda əkin aparılmışdır. 2016-cı illə 2018-ci ili müqayisə edərkən görürük ki, nümayəndəlik üzrə 136,1 hektar əkin sahəsi artırılmışdır. 2017-ci ildə 2018-ci ilin məhsulu üçün 659 hektara buğda, 59 hektara arpa səpilmişdir. Taxıl sahələri rayonumuzun və kənar rayonlardan cəlb olunmuş kombaynlar vasitəsilə vaxtında və itkisiz biçilərək 659 hektar buğda sahəsindən 2418,5 ton məhsul əldə edilmiş, məhsuldarlıq 36,7 sentner, 59 hektar arpa sahəsindən isə 145,1 ton məhsul əldə edilərək məhsuldarlıq 24,6 sentner olmuşdur. 2019-cu ilin məhsulu üçün 750 hektarda şumlama işləri aparılmışdır ki, bundan 470 hektarda buğda, 260 hektarda isə arpa səpilmişdir. Bu da 2018-ci illə müqayisədə 12 hektar çoxdur. Bundan əlavə, 4 hektarda tütün, qalan 16 hektarda isə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur. 2019-cu ili 2016-cı illə müqayisə etdikdə görürük ki, 2016-cı ildə taxıl sahəsi 490 hektar olduğu halda 2019-cu ildə bu rəqəm 240 hektar artaraq 730 hektara çatdırılmışdır. 
Hesabat ilində kəndlərimizdə baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının gücləndirilməsi məqsədilə Qazaxbəyli kəndinin 0,30 hektar torpaq sahəsində Çin Xalq Respublikasından gətirilmiş 2000 ədəd tut tingləri əkilərək becərilməsi üçün bir nəfər kənd sakininə verilmişdir. Həmin tut tinglərinə aqrotexniki qaydada xidmət olunur. "İDEA” İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə 29 noyabr 2018-ci il tarixdə dörd nəfər imkansız Qazaxbəyli kənd sakininin hər birinə 0,5 hektar bölünməklə, cəmi 2 hektar sahədə 1000 ədəd ərik ağacı əkilmişdir. Qazaxbəyli kəndində meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox gənc könüllü olaraq qoşulmuşdur. Kənd sakinləri adından bu layihənin məhz bizim kəndimizdə həyata keçirildiyinə görə icra başçısı Rəcəb Babaşova  və layihənin bütün təşkilatçılarına, eyni zamanda, layihənin rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən hər il suvarma arxlarının və kanallarının təmir olunması, kol-kosdan və lildən təmizlənməsini daim diqqət mərkəzində saxlayır. Rayon rəhbəri arxların təmiri zamanı dəfələrlə Orta Salahlı və Qazaxbəyli kəndlərində suvarma arxlarında görülən işlərə baxış keçirmiş, arxlarda görülən işlərlə tanış olmuş, işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirərək bəzi tapşırıq və tövsiyələrini vermiş və işlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləmişdir. Əkin sahələrinin suvarılmasına 26,1 km arx xidmət göstərir ki, onun da 9,5 km-i beton üzlüklü, 16,6 km–i isə torpaq məcralı arxlardır. 2018-ci ildə nümayəndəlik ərazisində təmizlənməsi nəzərdə tutulan 25,72 km suvarma arxlarından 14,77 km-i texnika vasitəsilə, 10,95 km-i isə əl əməyi ilə təmizlənmişdir. 2019-cu ildə isə 10,4 km texnika vasitəsilə, 13,4 km əl əməyi ilə, cəmi 23,8 km təmizlənməsi nəzərdə tutulan suvarma arxlarından bu günə kimi 13,99 km-i əl əməyi ilə, 0,4 km–i isə Qazax Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə təmizlənmişdir. Texnika vasitəsilə təmizlənməsi nəzərdə tutulan arxların təmizliyinə yaxın vaxtlarda başlanılacaqdır. Bundan əlavə, hesabat ilində kənd sakinlərinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orta Salahlı kəndində 2 ədəd, Qazaxbəyli kəndində isə 1 ədəd yeni qazılmış subartezian quyuları kənd sakinlərinin istifadəsinə verilmişdir.
01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatlarında 2135 baş iribuynuzlu mal-qara, 7830 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır. Əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında zoobaytar xidmətləri, eləcə də qarayara, brüselyoz, vərəm və taun əleyhinə qarşı peyvəndlər aparılmışdır.
Dövlət  başçısının “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair” 23 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2018-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə hər hektara 50 manat olmaqla, ümumilikdə 520 nəfərə 68571 manat subsidiya ödənilmişdir.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq Orta Salahlı və Qazaxbəyli kəndlərində 19 nəfər kənd sakinlərinin saxladığı 176 arı ailəsi Kənd Təsərrüfatı İdarəsi tərəfindən nömrələnmişdir.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.
Orta Salahlı kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva, sakinlərdən ağsaqqal Nəbi Babacanov, Yasin Abayev, Qurban Novruzov, Səməd Mehdiyev, Suqra Zeynalova və başqaları çıxış edərək rayonumuzda, eləcə də Orta Salahlı və Qazaxbəyli kəndlərində həyata keçirilən tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə və başqa sahələrə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Uzun illərdən sonra kəndlərə içməli suyun çəkilməsinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.
Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər nümayəndəlik ərazisində yerləşən bir kənddə bağçanın təmir olunmasını, digər kənddə isə bağçanın tikintisini, Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasını, kənddə qazılmış 1 ədəd artezian quyusunda olan nasazlığın aradan qaldırılmasını, əlavə olaraq yeni 1 ədəd artezian quyusunun qazılmasını, kənddə “Ara yol” deyilən ərazidə sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün körpü salınmasını və s. məsələləri də qeyd ediblər.

Keçidlər