Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb

31 yanvar 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərə və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
İcra Hakimiyyətinin akt zalında keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri və KİV nümayəndələri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, bildiyiniz kimi, hər il görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat yığıncaqları keçirilir. İstər şəhər, istərsə də kənd İnzibati Ərazi Dairələri üzrə keçirilən bu hesabat yığıncaqlarının əsas məqsədi rayonda görülmüş işlərə qiymət vermək, mövcud vəziyyəti öyrənmək və nəzərdə tutulan işlərə öz münasibətimizi bildirməkdir. Görüləcək işlərə öz təklif və istəklərimizi əlavə etməklə rayonumuzun inkişafı naminə daha böyük işlər görməkdir.
İcra başçısı vurğulayıb ki, bu gün Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Bu il aparılan iqtisadi islahatlar gələcəkdə inkişafımız üçün gözəl üfiqlər, perspektivlər açmışdır.
İcra başçısı qeyd edib ki, ölkəmizdə olan dinamik inkişafı 2019-cu il yanvar ayının 11-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı çıxışından, yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda səslənən dəyərli fikirlərdən bir daha aydın şəkildə gördük. İclasda dövlət başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu, Azərbaycanın həyatın bütün sahələrində inkişaf etmiş ölkə olduğunu qazandığı uğur və nailiyyətləri ilə nümayiş etdirdi.
Rayon rəhbəri bildirib ki, yola saldığımız 2018-ci ilin ən yaddaqalan əsas hadisələrindən biri isə ötən il aprelin 11-də Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi oldu. Xalqımız demokratiyanın təntənəsinə çevrilən bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu, bütün dünyaya respublikamızda seçki mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərdi. Səslərin 86,02% toplayan İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq 7 il müddətə Azərbaycan Prezidenti seçildi. İcra başçısı qeyd edib ki, bu seçkilərdə qazaxlılar da həmişə olduğu kimi, bu dəfə də öz sözünü deməyi bacardı, dövlətə sadiq olduqlarını, dövlət başçısının ətrafında sıx birləşdiklərini bir daha bəyan etdilər.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük nailiyyətlərə imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.
2018-ci ildə görülmüş işlərin geniş miqyas aldığını qeyd edən icra başçısı həmin işlərə bağçaların əsaslı şəkildə yenidən qurulmasını, çoxmənzilli binaların təmir olunmasını, yeni avtomobil yollarının çəkilməsini, yeni sosial obyektlərin inşa olunmasını və s. nümunə göstərib.
2018-ci ildə rayonda keçirilən mədəni-kütləvi tədbirlərdən söz açan rayon rəhbəri 2019-cu ildə də bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini, bütün tədbirlərin yüksək səviyyədə təşkil olunacağını qeyd edib.
İcra başçısı bildirib ki, yola saldığımız 2018-ci il Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla əlamətdar idisə, yenicə qədəm qoyduğumuz 2019-cu ilin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə yaddaşlara yazıldı. Bu Sərəncam təkcə 2019-cu ili əlamətdar etmədi, eyni zamanda, ölkə başçısının qazaxlılara, ziyalılarımıza həmişə qayğı ilə yanaşdığını bir daha nümayiş etdirdi.


Qazax RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəsi Akif Vəliyev hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə rayonumuzda görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2018-ci il Qazax şəhəri üçün əlamətdar olmuşdur. Rayon rəhbərliyinin göstərişi ilə ötən müddət ərzində Qazax şəhərinin abadlığı, kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin, həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətlərində mühüm işlər həyata keçirilmişdir.
Bildirib ki, şəhərin əhalisi 21810 nəfər, təsərrüfatı 4723 ailə, fərdi yaşayış evinin sayı 4668 ev, çoxmərtəbəli yaşayış binalarının sayı 163, ümumi torpaq sahəsi 743 hektar, xüsusi mülkiyyəti 238 hektar, dövlət mülkiyyəti 195 hektar, bələdiyyə torpaqları 310 hektardır. Ali təhsil müəssisələri Bakı Dövlət Universitetinin Qazax filialı, orta ixtisas məktəbi – Qazax Dövlət Sosial-İqtisad Kolleci, 7 ədəd tam orta məktəbi, 6 uşaq bağçası var. Şəhər ərazisində əsrin əvvəlində İsrafil ağa tərəfindən inşa edilmiş Məscid, hamam fəaliyyət göstərir. 1918-1959–cu illərdə fəaliyyət göstərmiş Qazax müəllimlər seminariyasının inzibati binası vardır. Çingiz Ağa tərəfindən inşa etdirilmiş hazırda isə şəhər poliklinikası kimi fəaliyyət göstərən tarixi bina, şəhərdə görkəmli şəxsiyyətlərin, şair və yazıçıların büstləri olan Mütəfəkkirlər parkı, şəhərdə şəhidlərin xatirə kompleksi, 1941-1945–ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksi, şəhidlərin xatirəsinə inşa edilmiş 13 bulaq kompleksi vardır.
Qeyd edib ki, Qazax şəhərində yerləşən çoxmənzilli binaların təmiri ilə əlaqədar Respublika Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına Qazax şəhərində 5 binanın - H.Əliyev prospekti bina 60, 64, Bakı küçəsi bina 1, Azadlıq küçəsi bina 92 və N.Nərimanov yaşayış massivindəki 45 nömrəli binaların dam örtükləri dəyişdirilmiş, blok və fasadlarında əsaslı təmir işləri görülərək suvanmış, rənglənmiş, həyətlərində abadlıq və quruculuq işləri görülmüşdür.
Ümumilikdə, Qazax şəhəri üzrə 2018-ci ildə Mənzil İstismar Sahəsinin balansında olan 55 ədəd və hərbinin balansında olan 6 ədəd binaların dam örtüyü dəyişdirilmiş, 22 binanın fasadında, blokunda, pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir işləri görülmüş, binalarda rənglənmə və həyətlərində abadlıq işləri aparılaraq 3 ədəd xeyir-şər evi yüksək səviyyədə tikilərək sakinlərin istifadəsinə verilmişdir.
2018-ci il ərzində Qazax şəhəri H.Əliyev prospektində Azadlıq, S.Vurğun, Vaqif, Z.Tağıyev, Ə.Dilbazi, Vidadi, H.Arif, Ə.Şıxlinski küçələrində və N.Nərimanov yaşayış massivi də daxil olmaqla, cəmi 11 küçədə asfalt beton örtüyü əsaslı təmir olunmuş və yolun hərəkət zolaqlarının və piyada keçidlərinin xətlənməsi işləri görülmüşdür. Ümumiyyətlə, 2018-ci ildə uzunluğu 2010 m olan 13 küçədə yollar çınqıl örtüyü ilə təmir olunmuşdur. Hal-hazırda uzunluğu 9500 m olan 25 küçədə yolların çınqıl örtüyü ilə təmir olunması davam etdirilir. 2018-ci ildə şəhər üzrə 6 uşaq bağçasından 2,3 və 4 saylı bağçada əsaslı təmir işləri aparılmış, 3 saylı bağçada əlavə yardımçı binalar tikilib istifadəyə verilmişdir. 6 saylı bağçada isə əsaslı tikinti və təmir işləri aparılmış, 1 ədəd yardımçı otaq tikilməklə körpə fidanların istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 30 dekabr 2012-ci il tarixli 374 saylı Sərəncamına uyğun olaraq köhnə mərkəzi rayon xəstəxanası sökülərək yerində yeni 145 çarpayılıq mərkəzi rayon xəstəxana kompleksində son tamamlama işləri gedir, əlavə 5 korpusun tikintisinə 2019-cu ildə başlanılacaq.
Hazırda S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbində əsaslı təmir və yenidən qurma işləri tam başa çatmışdır.
Hesabat ilində Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində təmir işləri aparılmışdır. BDU-nun Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə Ə.Şıxlinski küçəsi 18 A ünvanında 6 hektar torpaq sahəsi ayrılmışdır. Belə ki, hamınıza məlumdur ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilmişdir. Bu məqsədlə Qazax şəhərində Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə şəhərin H.Əliyev prospektində 1 ədəd bulaq-abidə kompleksi tikilmişdir. Bundan başqa, şəhidlərimizin xatirəsinə M.Ə.Rəsulzadə küçəsində 2 ədəd, Şəhidlər xiyabani küçəsində 1 ədəd, cəmi 3 ədəd bulaq-abidə kompleksi tikilmişdir. Hesabat ilində Qazax şəhərində 4 ədəd bulaq kompleksi tikilərək şəhidlərimizin adları əbədiləşdirilmişdir.
Qazax şəhərində görülmüş geniş quruculuq abadlıq işləri şəhərin demək olar ki, hər yerində aparılmış, şəhərin H.Əliyev prospektində 2017-ci ildə yarımçıq qalmış işlər davam etdirilmiş, yaşıl ağac və gül kolları əkilmiş, prospekt boyu hasarlar sökülərək yenidən tikilmiş, suvanaraq rənglənmiş, 33 çoxmənzilli binaların dam örtüyü dəyişdirilmişdir. Bundan başqa, şəhərin giriş hissəsində, Mütəfəkkirlər parkında, Ş.Xiyabani və S.Vurğun küçələrində abadlıq, quruculuq işləri aparılmışdır.
Hesabat ilinə ümumilikdə nəzər salsaq görərik ki, şəhərdə il ərzində 25603 kv.m dam örtüyü dəyişdirilmiş, 29620 kv.m evlərin və hasarların fasad hissələri suvanaraq rənglənmiş, 294 kv.m hörgü işləri aparılmış, 4 ədəd yeni darvazalar qoyulmuş, 36 ədəd dəmir darvazalar təmizlənərək yenidən rənglənmiş, küçə və prospekt boyunca 1456 p/m uzunluğunda mərmər bardürlər, 620 p/m yeni sadə bardürlər düzəlmiş, 7947 kv.m  səkilərə yeni tamet daşları vurulmuşdur. 3762 ədəd ağac və gül kolları əkilmiş, 2550 kv.m küçə və parklarda yaşıl ot örtüyü düzülmüşdür.
Hesabat dövründə 24 bina əvəzinə şəhərin N.Nərimanov qəsəbəsində 32, N.Nərimanov küçəsində 1, Azadlıq 2, Bakı 1, H.Əliyev 3, Ə.Şıxlinskidə 2, H.Arif küçələrində 4, cəmi 45 çoxmənzilli binalarda əsaslı təmir işləri aparılmışdır. Həmin binaların dam örtüklərinə yeni dəmir cerepitsalar vurulmuş, üzlük aqlay daşları sürtülmüş və ya yenisi ilə əvəz olunmuşdur. Bloklara yeni dəmir seyf qapıları qoyulmuş, pəncərələr plastik pəncərələrlə əvəz olunmuşdur. Həyətlərdə abadlıq işləri aparılmış, asfalt beton örtüyü qoyularaq binaların tikildiyi gündən heç vaxt təmir olunmamış binalara yeni görkəm verilmişdir. Şəhərimizin H.Əliyev prospektində Dədə Ələsgər və Dədə Şəmşirin büst abidə kompleksi qoyularaq onların xatirələri yad edilmişdir. Qəbiristanlıqda həmyerlimiz Aşıq Ədalət Nəsibovun qəbirüstü götürülərək büst abidə kompleksi qoyulmuşdur.
2018-ci ildə əlavə olaraq məktəbəqədər uşaq müəssisələri üzrə 8 qrup açılmışdır (3 böyük qrup 60 uşaq, 5 kiçik qrup 75 uşaq). Bu da 135 uşaq əlavə yer deməkdir. Ümumiyyətlə, 2017-ci ildə uşaqların sayı 380 nəfər olduğu halda 2018-ci ildə 515 nəfər təşkil etmişdir. Çalışan işçilərin sayı 42 nəfər artaraq 150 nəfər olmuşdur.
Bütün bunlarla yanaşı gündəlik işlərimiz də diqqət mərkəzində saxlanılır, şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Belə ki, Qazax şəhərinin yaşıllıq və təmizlik sahəsinə xidmət göstərən Qazax şəhər Kommunal Müəssisələri Kombinatı öz işlərini günün tələbləri səviyyəsində quraraq gündəlik şəhərin təmizlik işləri ilə məşğul olur.  Ümumilikdə Kommunal Müəssisələri Kombinatında təmizlik sahəsində 57, yaşıllıq sahəsində isə 12 nəfər işçi çalışır. Bundan başqa, ölkə prezidentinin göstərişi ilə KMK-na 2018-ci ildə 240 nəfər əlavə ictimai işçilər götürülmüşdür. Bütün bu işçilərin hər biri şəhərin yaşıllıq və təmizlik işləri ilə məşğul olur.
Görülən işlərin içərisində ən önəmlilərindən biri şəhərdə gündəlik növbətçiliyin təşkilidir. Belə ki, növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 12:00 radələrinə qədər təmizliyin qorunub saxlanması işləri diqqət mərkəzində olur. Zibil paliqonunda həftədə bir dəfə traktorla təmizlik işləri aparılır ki, bu da işlərin gedişinə öz təsirini göstərir.
Ümumiyyətlə, Kommunal Müəssisələri Kombinatı daim öz işini günün tələblərinə uyğun olaraq qurmağa çalışır. Şəhərdə təmizliyin və yaşıllığın qorunub saxlanması üçün əlindən gələni etmiş və bu işləri daim diqqətdə saxlayaraq əlavə olaraq rayon rəhbərliyi və şəhər nümayəndəliyi tərəfindən verilən bütün tapşırıqlara məsuliyyətlə yanaşmışdır.
Qazax şəhəri ərzisində xidmət göstərən təşkilatlardan Mənzil İstismar Sahəsi 157 binaya xidmət edir. Həmin binalarda 1901 mənzil vardır. 2018-ci ildə balansda olan binalarda N.Nərimanov yaşayış massivində 32 binada, ümumiyyətlə Nərimanov qəsəbəsində yerləşən 44 binadan 42-də dam örükləri dəyşdirilmiş, fasad və blokları suvanıb rənglənmişdir. Bundan başqa, H.Əliyev prospektində 3 ədəd, Ə.Şıxlinski 2, H.Arif 4 ədəd çoxmənzilli binalarda dam örtükləri, fasad və blokları əsaslı təmir edilmişdir. Ümumilikdə, 2018-ci ildə Qazax şəhər Mənzil İstismar Sahəsinin balansında olan 157 binada, balansda olmayan 6 ədəd, ümumilikdə cəmi 163 çoxmənzilli binalardan bu günə kimi 115 binada əsaslı təmir işləri aparmış və dam örtükləri dəyişdirilmişdir. Şəhərdə yerləşən daha 48 çoxmənzilli yaşayış binasında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub ki, bu işlər 2019-cu ildə tam başa çatdırılacaqdır.
Əhalinin qaz yanacağı və elektrik enerjisi ilə təmin edilməsi sahəsində də hesabat ilində  məqsədyönlü işlər görülmüşdür.
Vətəndaşlarla iş dövlət hakimiyyət orqanlarının, onların yerli strukturlarının fəaliyyətinin mühüm tərkib hissəsidir.
Hesabat ilində şəhər nümayəndəliyinə 3356 nəfər vətəndaş müraciət etmişdir. Onların böyük bir qismi, yəni 3351 nəfəri idarə, müəssisə və təşkilatlara təqdim etmək məqsədilə müxtəlif məzmunda arayışların verilməsi tələbi ilə bağlıdır. Qazax RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinə hesabat ilində vətəndaşlardan 8 ərizə, idarə, müəssisə və təşkilatlardan isə 37 məktub və s. sənəd daxil olmuşdur. İdarə, müəssisə və təşkilatlara 89 məktub göndərilmişdir. Vətəndaşların ərizələri əsasən qonşu mübahisələri, su-kanalizasiya, qaz xətlərinin çəkilməsi və s. sosial problemlərlə bağlı olmuşdur. Bu müraciətlər aidiyyəti təşkilatlarla birlikdə araşdırılaraq lazımi tədbirlər  görülmüşdür.
Şəhər sakinlərindən rayon Maliyyə İdarəsinin müdiri Novruz Abdullayev, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsti Ələkbərova, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, Qazax rayonlararası Ruhi xəstəxananın baş həkimi Ramiz Mansurov, şəhər 6 saylı bağçanın tərbiyəçisi Səlimə Mustafayeva, şəhərdə təmir olunmuş çoxmənzilli binalarda yaşayan sakinlərdən – N.Nərimanov yaşayış massivində 1 saylı binada yaşayan Cəfər Həsənov, N.Nərimanov qəsəbəsində yaşayan Mustafa Mustafayev, Ə.Şıxlinski küçəsində yaşayan sakinlərdən Nailə Əliyeva, Pərnisə Qədimova, şəhid ailələrindən Qəndab Hüseynova, Kifayət Mustafayeva, Qarabağ müharibəsi əlili Rəşad Qocayev və başqaları söz alaraq şəhərdə görülən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova şəhər sakinlərinin sonsuz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər rayonda təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edərək bu sahədə görülən işləri yüksək qiymətləndiriblər. Respublikamızda, eləcə də rayonumuzda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan danışan sakinlər ölkə başçısının imzaladığı Fərman və Sərəncamların bu sahədə atılan uğurlu addımların bariz nümunəsi olduğunu qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq 2019-cu ildə qarşıda daha böyük vəzifələrin olduğunu bildirib. Hesabat ilində icra nümayəndəliyinin gördüyü işləri yüksək qiymətləndirən rayon rəhbəri növbəti illərdə də daha böyük səylə çalışmalarını bildirib və şəhər nümayəndəliyinin kollektivinə, aidiyyəti xidmət təşkilatlarına uğurlar azrulayıb.

Keçidlər