Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun çəkilişi sürətlə davam etdirilir

01 fevral 2019 | 16:00

Son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən məqsədyönlü işlərdən biri də yol infrastrukturunun yenidən qurulması ilə bağlı atılan uğurlu addımlardır. Təqdirəlayiq hallardan biri də odur ki, yol infrastrukturu ilə bağlı həyata keçirilən tədbirlər təkcə paytaxtda deyil, respublikamızın bütün bölgələrində də uğurla icra olunur.
Son iki yarımdır ki, dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda da diqqətəlayiq işlər görülür. Rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutudur.
Rayonda dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən yeni asfalt yolların çəkilməsi həm də vətəndaşların rahatlığının təmin olunmasına xidmət edir.
Bu il daha bir yolun - uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması da bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolu çəkilərək sakinlərin istifadəsinə verilib.
Məlumat verdiyimiz kimi, artıq xeyli müddətdir ki, Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilməsinə başlanılıb.
İlk olaraq "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı” filialına gedən yolda işlərə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə yolda görülən işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, ölkə başçısının tapşırıq və sərəncamları əsasında cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq uzunluğu 16 km olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki  hissə üzrə yenidən qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11,5 km uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4,5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.
Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin, torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır. Layihəyə uyğun olaraq sözügedən yolun 4,5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb.
Qeyd olunub ki, "28 nömrəli Yol İstismarı” MMC tərəfindən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 km-lik Daş Salahlı hissəsinin yenidən qurulması işləri sürətlə davam etdirilir. Mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, təqribən 24 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülür.
Yol boyu 4 ədəd 48 p/m uzunluğunda 500 mm diametrində yeni suötürücü dəmir-beton borular quraşdırılaraq izolyasiya olunur, 4 nöqtədə müxtəlif diametrlərə malik suötürücü boruların başlıqlarının isə təmiri işləri görülür, 5800 p/m uzunluğunda küvet hissələr açılır.
Daha sonra torpaq yatağı avtoqreyderlə profilə salınır, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 130 min kv.m sahədə tikintisi işləri görülür. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlanması işlərinə də başlanılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə inşa edilir, çiyin hissələr xüsusi qruntla bərkidilir, 14 ədəd yol birləşməsi isə təmir edilir.
Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 km yolcizgi və yol göstərici xətləri çəkiləcək.
16 km uzunluğa malik Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Görülən işlərlə tanış olan rayon rəhbərliyi işlərin keyfiyyətlə aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib.

Keçidlər