Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi kapitan Mühüd Orucovun 3-cü ildönümü qeyd olunub

09 aprel 2019 | 16:00

Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən 3 il ötür. Həmin döyüşlər zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalıb.
Bu gün həmin şəhidlərimizdən kapitan Orucov Mühüd Qurban oğlunun son mənzilə yola salındığı gündən 3 il keçir. Bununla əlaqədar şəhidin doğulub boya-başa çatdığı Fərəhli kəndində ildönümü mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Mühüd Orucovun Fərəhli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək şəhidin qəbri üstünə gül dəstəsi qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Mərasimdə iştirak edən aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları, əlilləri, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri də şəhidin məzarı üstünə tər qərənfillər qoyaraq xatirəsini hörmətlə anıblar.
Sonra şəhidin ruhuna dua oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib. Qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki, Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. İcra başçısı qeyd edib ki, bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Bildirib ki, Aprel döyüşü zamanı Mühüd Orucovun göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğullar sayəsində Aprel döyüşləri zamanı işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağından azad edilib, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçib.
Rəcəb Babaşov çıxışı zamanı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. “Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi bizim ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək Aprel şəhidimizin həyatından, keçdiyi döyüş yolundan söz açıb. Qeyd edib ki, kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir.
Dəfələrlə fəxri fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.
2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
Bildirib ki, Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kənd qəbiristanlığının girişində tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.
Bakı Dövlət Universiteti Qazax filialının direktoru Arif Rüstəmov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz açıblar. Qeyd ediblər ki, Vətəni uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühüd Orucovun da əziz xatirəsi hər zaman yad ediləcək və o, daim qəlblərdə yaşayacaqdır. Çıxışlarda Aprel döyüşünün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, bu döyüş təkcə döyüş olmadı, eyni zamanda, Azərbaycanın güclü dövlət kimi tanınması demək idi. Bildiriblər ki, bu gün istər siyasi meydanda, istərsə də döyüş meydanında yeni qələbələr, zəfərlər qazanıldıqca şəhidlərimizin də yaraları sağalır, ruhları şad olur. Çıxışlarda ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun bundan sonra da qələbə qazanacağı, işğal altında olan torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyi və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağı günün uzaqda olmadığı qeyd edilib.

Anım mərasimində iştirak edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı çıxış edərək şəhdin ailəsinə, yaxınlarına, eləcə də qazaxlılara bir daha başsağlığı verib, şəhdimizə Allahdan rəhmət diləyib. Kapitan Mühüd Orucovun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindəki kursantlıq dövründən, tələbəlik illərindən söz açıb. Hələ o illərdən mərd, igid, cəsur, vətənpərvər bir oğul olduğunu və hər an düşmənlərdən qisas alacağı günün amalı ilə yaşadığını diqqətə çatdırıb.
Şəhidin atası Qurban Orucov şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb
Fərəhli kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə, eləcə də kapitan Mühüd Orucovun xatirəsinə həsr olunan şeirlər söyləyiblər.
Mərasimdən sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.

 

Keçidlər