Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda xidmət sahələri tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib

10 aprel 2019 | 16:00

Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısı tərəfindən atılan hər bir uğurlu addımın arxasında vətəndaş amili, onları narahat edən məsələlər, qayğılar dayanır. Son 3 ildir ki, Qazax rayonunda da vətəndaş amili daim ön planda saxlanılır. Müraciət edən hər bir vətəndaşın istəyinə xüsusi həssaslıqla yanaşılır. Rayon rəhbərliyi tərəfindən keçirilən səyyar görüşlər, fərdi və ümumi qəbullar məhz bu amala xidmət edir. Keçirilən hər bir görüşün, qəbulun əsas məqsədi vətəndaşın qaldırdığı ən xırda məsələyə belə dərhal operativ şəkildə münasibət bildirmək və mümkün olan qədər həll etməkdir. Bundan əlavə, rayonda fəaliyyət göstərən xidmət sahələrinin vətəndaşlara göstərdikləri xidmətlərin keyfiyyəti də daim diqqət mərkəzində saxlanılır. Bununla bağlı mütəmadi olaraq geniş tərkibdə müşavirələr keçirilir.
Bu gün də Qazax Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının iştirakı ilə rayonda fəaliyyət göstərən xidmət sahələrinin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib. Şəhər və kəndlərdə yaşayan 59 nəfər rayon sakininin müraciətləri əsasında keçirilən müşavirədə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti, sakinlərə olan diqqət və qayğı müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, ölkə başçısının həyata keçirdiyi siyasəti Qazaxda olduğu kimi həyata keçirim. Həyata keçirdiyim bütün işləri ölkə rəhbərinin mənə olan etimadına uyğun olaraq yerinə yetirim. Rayon rəhbəri bildirib ki, bu gün dövlət başçısının da söylədyi kimi, vətəndaş amili bir nömrəli məsələ olmalıdır. Onların qaldırdığı hər hansı bir məsələyə dərhal reaksiya verilməlidir. “Heç bir idarə, müəssisə və təşkilat rəhbəri ölkə başçısının yürütdüyü siyasətə kölgə sala bilməz”, - deyən icra başçısı qeyd edib ki, əksinə onlar davranışı, göstərdiyi diqqət və qayğı ilə vətəndaşlara nümunə olmalıdır. Hər bir məmur çalışmalıdır ki, vətəndaş ondan razı qalsın. Elə bir abu-hava yaratmalıdır ki, xalq dövlətin, ölkə başçısının hər zaman onların arxasında dayandığını, yanında olduğunu hiss etsin. Xalq bilsin ki, dövlət məmuru ilə vətəndaş arasında həmişə onlara qarşı səmimi münasibət, yüksək səviyyədə göstərilən diqqət və qayğı var.
İcra başçısı vurğulayıb ki, ölkə başçısı bütün sahələrdə vətəndaşlara göstərdiyi diqqət və qayğı ilə seçildiyi kimi, bizlər də çalışmalıyıq ki, bu amal uğrunda işimizi quraq. Çünki bizim üzərimizə düşən ən əsas vəzifə dövləti, dövlətçiliyi, eləcə də ölkə rəhbərinin siyasətini dəstəkləmək, onun gördüyü işlərə öz töhfəmizi verməkdir.
Sonra vətəndaşların xidmət sahələrinin gördüyü işlərin keyfiyyəti ilə bağlı fikirləri öyrənilib, onları narahat edən məsələlər dinlənilib. 59 nəfərin müraciətinə əsasən xidmətində nöqsanları olan Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədova ciddi xəbərdarlıq olunub.
Sonda geniş tərkibdə keçirilən müşavirədə rayonda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin olunması bir daha xidmət sahəsi rəhbərlərinə çatdırılıb. Bildirilib ki, vətəndaşların ən çox təmasda olduğu sahələr kommunal xidmətlər göstərən təşkilatlardır. Bu baxımdan bu sahədə şəffaflığın təmin edilməsi olduqca vacibdir. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, xidmət sahələrində də hər bir bir xidmət sahəsi rəhbəri vətəndaşlara göstərdiyi xidmətlərdə şəffaflığı təmin etməlidir. Bununla bağlı xüsusi tapşırıqlar da verilib. Sakinlərin diqqətinə də çatdırılıb ki, Qazaxda hər zaman ön plana çəkilən vətəndaş amili bundan sonra da görülən bütün işlərin mərkəzində dayanacaq. Son 3 ildə bu sahədə olan ənənə bundan sonra da qorunub saxlanılacaqdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq aidiyyəti xidmət sahələrinin rəhbərlərinə işlərində daha məsuliyyətli olmağı, vətəndaşa qarşı xüsusi həssaslıqla yanaşmağı bildirib.

Keçidlər