Şriftin ölçüsü :

Saytın rəngi :

Həkimlər onlara yaradılan imkana görə minnətdarlıq ediblər

16 aprel 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Qazaxda davamlı tibbi təhsillə əlaqədar təşkil olunmuş səyyari kursda iştirak edən həkimlərlə görüşüblər.
Administrasiya nümayəndəsinə məlumat verilib ki, artıq 9 gündür ki, Qazax Müalicə Diaqnostika Mərkəzində təşkil olunmuş kurslar uğurla davam edir. Aprelin 8-dən start götürən kurslarda həkimlərə davamlı tibbi təhsillə bağlı maraqlı mövzular barədə ətraflı məlumatlar verilir.
Qeyd olunub ki, həkim terapevt, pediatr və ailə həkimi üzrə aparılan səyyari kurslarda Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə bərabər, Qazax Müalicə Diaqnostika Mərkəzinin, eləcə də qonşu rayonlardan Ağstafa, Tovuz və Şəmkir rayon Mərkəzi Xəstəxanalarının həkimləri də fəal iştirak edirlər. Kursa 65 nəfər müxtəlif ixtisasdan olan həkimlər qatılıb. Davamlı tibbi təhsillə əlaqədar təşkil edilmiş səyyari kursda həkimlər sertifikat və balla qiymətləndiriləcəklər.
Peşəkar və yüksək ixtisaslı həkimlərin iştirakı ilə təşkil olunan kurslar isə aprelin 17-dək davam edəcək.
Bugünkü kursu aparan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) "Ailə təbabəti” kafedrasının dosenti, tibb elmləri namizədi Aydın  Zeynalov çıxış edərək ölkəmizdə səhiyyə sahəsində qazanılan uğur və nailiyyətlərdən söz açıb. Qeyd edib ki, bu gün ölkəmizdə səhiyyə sahəsinin inkişaf etməsi, yüksək ixtisaslı kadrların, peşəkar həkimlərin yetişməsi istiqamətində mühüm işlər görülür. Bu cür səyyari kursların təşkili də həmin işlərin tərkib hissəsidir. "Ürəyin işemik xəstəliyi” mövzsunda dolğun məlumatlar çatdıran dosent həkimlərin kursda fəal iştiak etdiklərini bildirib. O, yaradılan şəraitə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıb.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğnın bu gün rayon rəhbərliyi tərəfindən də uğurla davam etdirildiyini bildirib. O, bütün tibb işçiləri adından ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.
Kursda iştirak edən Ağstafa rayon Mərkəzi Xəstəxanasının terapevti Rasim Kərimov çıxış edərək səhiyyə sahəsinə, xüsusilə də bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və Səhiyyə Naziri Oqtay Şirəliyevə bütün səhiyyə işçiləri adından öz dərin minnətdarlığını çatdırıb. Qeyd edib ki, bu gün paytaxtdan uzaqda fəaliyyət göstərən hər bir həkimin bu cür kurslarda iştirak edə bilməsi üçün bizlərə geniş imkanlar yaradılır. Heç bir yana getmədən rahat şəkildə kurslarda iştirak edib, öz bilik və təcrübələrimizi daha da təkmilləşdirə bilirik. Bu, biz həkimlərə verilən yüksək qiymətdir.
Həkimlərlə səmimi ürək sözlərini bölüşən rayon rəhbəri bu cür kursların, təlimlərin böyük əhəmiyyət daşıdığını bildirib və davamlı olacağını qeyd edib.

Keçidlər