Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə sakinlərlə səyyar görüş keçirilib

20 iyun 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda son 3 ildə istər şəhərdə, istərsə də kəndlərdə keçirdiyi səyyar görüşlər artıq bir ənənə şəklini alıb. Bunu icra başçısının rəhbər təyin olunduğu ilk gündən vətəndaş mövqeyini hər şeydən üstün tutmasından, hər zaman xalqın arasında olmasından, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq kəndlərdə səyyar görüşlər keçirməsindən aydın şəkildə görmək olar. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların yerindəcə öyrənilərək həlli istiqamətində lazımi tapşırıqlar verilməsinin, yüksək diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, bu gün sakinlərlə rayon rəhbərliyi arasında səmimi bir münasibət yaranıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələri, Qarabağ müharibəsi veteranları, əlillərlə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə öyrənib qayğıları ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilir. Rayon rəhbərinin işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı yeni qəsəbədə mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması bunu bir daha sübut edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu ilin proqramına uyğun olaraq yeni salınmış qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün ailələri ilə səyyar görüş keçirib.
Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdərespublikamızda, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, son 3 ildə görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.
İcra başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən söz açıb. Əvvəlki görüşlərdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri öz dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib.
İcra başçısı son illər respublikamızda olan inkişafın Qazaxda da öz real əksini tapdığını qeyd edib və buna misal olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də bir çox sahələrdə əldə edilən uğurlu nəticələri göstərib.
Hazırda rayonda aparılan tikinti işlərindən söz açan rayon rəhbəri mərkəzi xəstəxana binasının tikintisini xüsusilə vurğulayıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib.
İcra başçısı qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi ki, artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb. Rayon rəhbəri işlərin sürətlə davam etdirildiyini və bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini diqqətə çatdırıb.
Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin, bununla bağlı imzaladığı Sərəncamların Qazaxda da uğurla yerinə yetirildiyini qeyd edən icra başçısı baramçılığın ildən-ilə inkişaf etdirildiyini bildirib. Cari ildə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalının nəzərdə tutulduğunu qeyd edib. Rayon rəhbəri ildən-ilə olan artımı xeyli sayda rayon sakininin işlə təmin olunması, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi qiymətləndirib.
İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi dəyərləndirib. Qeyd edib ki, həmin təmirli uşaq bağçalarından biri də Aşağı Əskipara körpələr evi-uşaq bağçasıdır ki, burada uşaqlar üçün hər cür şərait yaradılıb.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamların əhəmiyyətindən söz açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci il tarixli Sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli Sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. İmzalanmış həmin ali sərəncamlara və büstün qoyulmasına görə ziyalılar adından bir daha ölkə başçısına, Mehriban xanıma minnətdarlığını bildirib. Rayon rəhbəri həmin Sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinin Tədbirlər Planında nəzərdə tutulan qaydada uğurla həyata keçirildiyini və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb. İyunun 22-də Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə qoyulmuş büstünün açılış mərasiminin keçiriləcəyini bildirib.

"Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı iyunun 18-də imzalanan çoxsaylı Sərəncamların bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev həmin Sərəncamlarla əhalinin rifahının yüksəldilməsi məqsədilə növbəti sosial paketi təsdiq etdi. Bu, həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsi deməkdir. İstər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür.

İcra başçısı bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələrinin dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss etdiklərini bildirib. Rayonun işğal altında olan kəndlərinin sakinlərinin də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunduqlarını çatdırıb. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün salınmış və bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbədə yaradılan yüksək şəraiti sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib.
Bağanıs Ayrım kənd sakinlərindən ağsaqqal Şəmil Adıgözəlov, Zərbəçi Adıgözəlov, İlhamə Poladova, Türkan Adıgözəlova, Maya Adıgözəlova, Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakini Aybəniz Sadıqova çıxış edərək respublikamızda və Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Son 3 il ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar.
Qeyd ediblər ki, sizin hər dəfə biz məcburi köçkünlərlə görüşməyiniz bizi çox sevindirir. Biz sizə rayon rəhbəri kimi deyil, bir ailə başçısı kimi müraciət edirik. Çünki siz bu qəsəbənin daimi sakinisiniz. Bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə hər cür şərait yaradılıb.
Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan sakinlər Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd ediblər. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşıldığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıblar. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildiriblər.
Çıxış edənlər qeyd ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq.
Rayon rəhbərliyi tərəfindən daim qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.
Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən sakinlər minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən işlə təmin olunma, müalicəyə köməklik edilməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

Keçidlər