Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüşlər zamanı qaldırılan məsələlərə yerində baxılıb

02 avqust 2019 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, Qazaxda vətəndaş amili hər şeydən üstün tutulur. Ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da əsas götürülür. Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibətin, göstərilən qayğının ən bariz nümunəsi isə istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər, həmin görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsidir. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi və həlli mümkün olan nə varsa edilməsidir. Bu gün hər bir rayon sakini birmənalı şəkildə bilir ki, Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ümumi qəbul zamanı müraciət etmiş Alpout kənd sakinlərinin, bu həftə ərzində Ürkməzli və İkinci Şıxlı kəndlərində keçirilən səyyar görüşlər zamanı müraciət edən vətəndaşların istəyinə əsasən həmin kəndlərdə olub.
Qəbul zamanı Alpout kənd sakinlərinin su məsələsi ilə bağlı müraciətlərini dinləyən və həlli üçün yerindəcə tapşırıq verən rayon rəhbəri bu gün həmin məsələ ilə əlaqədar görülən işlərlə maraqlanıb, kənd sakinləri ilə görüşüb. İcra başçısına bildirilib ki, verilən tapşırığa əsasən artıq bu məsələ öz müsbət həllini tapıb. Belə ki, kənddə mövcud olan subartezian quyusundan 60 nəfər kənd sakininin yaşadığı əraziyə 870 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkilir. Eyni zamanda 10 tonluq su çəni də qoyulub. Görülən işlərlə tanış olan rayon rəhbəri sakinlərlə səmimi söhbət edib, onları narahat edən digər hər hansı bir məsələnin olub-olmaması ilə maraqlanıb. Rayon rəhbəri kənd sakinlərinin istəyini nəzərə alaraq kəndin digər hissəsinə də bir ədəd 10 tonluq su çəninin qoyulması üçün aidiyyəti şəxslərə tapşırıq verib.
Ürkməzli kənd sakinləri də səyyar görüş zamanı su məsələsi ilə bağlı müraciət etdiklərini qeyd ediblər. Rayon rəhbəri bütün görüşlərdə olduğu kimi, bu görüşdə də məsələnin həll olunması üçün sakinlərin təkliflərini nəzərə alaraq yerində baxış keçirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
İcra başçısı bu gün isə sakinlərin məsələnin həlli əlaqədar təklif etdikləri həmin ərazidə olub, onların istəklərini bir daha dinləyib. Sakinlər Daş Salahlı arxından nasos vasitəsilə kəndə su verilməsini təklif ediblər. Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri bu məsələnin də həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
İkinci Şıxlı kənd sakinlərinin kənddə fəaliyyət göstərən “Lukoil” yanacaqdoldurma məntəqəsi ilə bağlı qaldırdıqları müraciətə də həssaslıqla yanaşılıb. Belə ki, rayon rəhbəri sakinlərin istəyini nəzərə alaraq həmin yanacaqdoldurma məntəqəsində olub, sakinlərlə görüşüb, onları narahat edən məsələləri dinləyib. Vətəndaşlar məntəqə ərazisində dayanan yük maşınları tərəfindən yaranan səs-küylə bağlı narazılıqlarını, yaranmış bu vəziyyətin onların rahat yaşayışlarına maneə törətdiyini qeyd ediblər.
Sakinləri dinləyən rayon rəhbəri onların haqlı narazılığına səbəb olan bu məsələyə də diqqətlə baxılacağını vurğulayıb. Məsələ ilə bağlı yanacaqdoldurma məntəqəsinin rəhbərliyinə iradını bildirib. Qeyd olunan məsələnin qısa bir vaxtda aradan qaldırılması, vətəndaşların rahatlığının təmin olunması istiqamətində tapşırıqlar verib.
Hər üç kənddə sakinlər onların istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb, bütün kənd sakinlərinin adından minnətdarlıqlarını bildiriblər. Ölkə vətəndaşına göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar.

Keçidlər