Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə əlaqədar növbəti iclas keçirilib

11 sentyabr 2019 | 16:00

Artıq 6 aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası həyata keçirilir. Belə ki, podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisi paralel olaraq aparılır. Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq görülən işlərlə maraqlanır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması da məhz icra başçısının bu sahəyə xüsusi həssaslıqla yanaşmasının əyani göstəricisidir. Bundan əlavə, çəkilişlərə başlanılan andan mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Bu gün də Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin çəkilişləri ilə əlaqədar görülmüş işlərə dair növbəti iclas keçirilib. Komissiya üzvlərinin və aidiyyəti şəxslərin iştirak etdiyi iclasda bu günə kimi həyata keçirilən işlərdən, su və kanalizasiya xətti çəkilmiş küçələrdəki mövcud vəziyyətdən söhbət açılıb, görülmüş işlər və yaranmış narahatlılqar müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını rayon ictimaiyyəti, ağsaqqallar və ziyalıların bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd edib və ölkə başçısı İlham Əliyevə bütün sakinlər adından bir daha öz dərin minnətdarlığını bildirib.
Rayon rəhbəri qeyd edib ki, həmişə olduğu kimi, bugünkü iclasın da əsas məqsədi su-kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olmaq, işlərin keyfiyyəti ilə maraqlanmaqdır. İcra başçısı qeyd edib ki, bu gün rayon sakinlərini narahat edən bir sıra məsələlər var ki, su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar şəhərin prospekt və küçələrində aparılan monitorinq zamanı öz əksini tapmışdır. Bugünkü iclasın da əsas məqsədi həmin nöqsanları qeyd edərək iclas iştirakçıları tərəfindən müzakirə etməkdir. Çəkilişlə əlaqədar olaraq qazıntı işləri aparılan zaman köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsi, aparılan qazıntı işlərinin kənarında xəbərdaredici nişanların olmaması, kanalizasiya borularının qapağının qoyulmaması, qazıntı işləri zamanı yararan dərin çökəkliklərin ətrafında xəbərdaredici nişanların olmaması, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalması ilə bağlı məsələləri qeyd edən icra başçısı bu cür halların yolverilməz olduğunu və sakinlərin haqlı narazılığına səbəb olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, bu cür məsələləri göstərməkdə məqsəd su-kanalizasiya xəttinin çəkilişinə mane olmaq deyil, əksinə vətəndaşların istəyini nəzərə alaraq şəhərdə çəkilişin yüksək səviyyədə aparılmasına nail olmaqdır.
İcra başçısı payız-qış mövsümü ilə əlaqədar olaraq çəkiliş zamanı xüsusilə də qaz borularının, elektrik və su xətlərinin zədələnməməsinə üstünlük verilməsini bildirib və bununla bağlı tapşırıqlarını verib.
“Bizə çəkilişin tez bir zamanda başa çatması deyil, işin keyfiyyətlə aparılması maraqlıdır”, - deyən icra başçısı bu sahənin daim nəzarətdə olacağını və bu cür görüşlərin də məhz bu məqsədi daşıdığını bir daha vurğulayıb. Bu cür halların təkrar baş verməməsi üçün Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsində çalışan hər bir iş icraçısının və briqadirin gördüyü işə məsuliyyətlə yanaşmasını bildirib.
Komissiya üzvlərindən - Qazax Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov, Şəmkir RQİİ Qazax Xidmət Sahəsi üzrə rəis müavini Taleh Şamradov, Qazax Telekommunikasiya Qovşağının rəisi Əyyub Dünyamalıyev, Qazax Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov çıxış edərək su-kanalizasiya xəttinin çəkilişi zamanı qeyd olunan məsələlərin vətəndaşların haqlı narazılığına səbəb olduğuna və bununla bağlı rəhbərlik etdikləri təşkilatlara müraciətlər olunduğunu bildiriblər. Qaldırılan məsələlərin həll olunması sahəsində gördüyü işləri qeyd edən təşkilat rəhbərləri çəkiliş zamanı daha diqqətli olmalarını tövsiyə ediblər.
İclasda iştirak edən 8 saylı Tovuz Regional Su-Kanal İdarəsinin rəisi Darvin Hüseynov da qeyd olunan məsələlərlə bağlı fikirlərini bölüşüb və iradların haqlı olaraq bildirildiyini diqqətə çatdırıb. Bu gün su-kanalizasiya xəttinin çəkilişində çalışan 22 briqadanın hər bir üzvünün məsuliyyət daşıdığını bildirən idarə rəisi onların gördüyü işə xüsusi həssaslıqla yanaşmalı olduğunu qeyd edib.
Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazov şəhərin M.Ə.Rəsulzadə, Qarabağ, Mehdi Hüseyn, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Səməd Vurğun, Firuddin Şamoyev küçələrində, eləcə də qeyd olunan küçələrin döngə və dalanlarında, bundan əlavə Ağköynək kəndində Sayad Zeynalov və Mövsüm Poladov küçələrində su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar görülən işlər barədə məlumat verib. Layihə rəhbəri bu günə kimi kanalizasiya borularının çəkilişi üzrə 31,78 %, su təchizatı borularının quraşdırılması üzrə isə 22,14% işlərin yerinə yetirildiyini qeyd edib. Qeyd olunan məsələlərlə bağlı bildirilən iradların haqlı olaraq söylənildiyini bildirən layihə rəhbəri bu cür halların bir daha təkrar olunmayacağını, bütün işlərin keyfiyyətinə bundan sonra da böyük dəqiqliklə nəzarət olunacağını vurğulayıb. İstər bu cür iclasların keçirilməsini, istər yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən işlərlə maraqlanmasını, öz təklif və tövsiyələrini vermələrini onların üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. Eyni zamanda bugünkü görüşdə səslənən fikirlərlə bağlı istər iş icraçılarına, istərsə də briqadirlərə bir daha ciddi tapşırıqlar veriləcəyini qeyd edib.
Qazax rayonu içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması və Yol tikintisi layihələrinin İctimayətlə Əlaqələr şöbəsinin rəhbəri Şamil Allahverdiyev də iclasda səslənən fikirlərlə bağlı ürək sözlərini çatdırıb və bu cür halların yolverilməz olduğunu bildirib. Tez bir zamanda aradan qaldırılacağını söyləyib.
Komissiya üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov və başqaları çıxış edərək gündən-günə inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə müsbət həllini tapmasını yüksək qiymətləndiriblər. Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görülən işlər haqqında fikirlərini bildirərək öz təklif və tövsiyələrini veriblər.
İclasda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsində əksini tapan su mənbəyindən, eləcə də sel sularının ötürülməsi üçün əlavə olaraq kanalizasiya xəttinin çəkilməsindən də söhbət açılıb.
Onu da bildirək ki, sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Koorporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər