Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Səyyar “ASAN qatar”ın fəaliyyətindən bu günə kimi 2000-dən çox sakin yararlanıb

13 sentyabr 2019 | 16:00

Xəbər verdiyimiz kimi, sentyabr ayının 2-dən etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
3 vaqondan ibarət  qatarda səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Sakinlərə 30 gün müddətində səyyar formada göstərilən xidmətlərə - torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir.
Səyyar "ASAN qatar”ın fəaliyyəti dövründə bu günə kimi müraciət etmiş 2237 nəfərdən 2111 nəfərə xidmət göstərilib. Vətəndaşlar əsasən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti ilə bağlı müraciət ediblər.
Məlumat üçün qeyd edək ki, oktyabr ayının 1-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Səyyar "ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.

Keçidlər