Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2019 | 16:00

Artıq 21 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.
Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 101 illiyi münasibətilə tədbir keçirilib.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, təhsil işçiləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Ümummilli Liderin adını daşıyan Heydər Əliyev parkına gəlib, abidəsi önünə gül dəstələri düzərək böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 101 illiyi münasibətilə baş prokuror Zakir Qaralov başda olmaqla prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, ən xoş arzularını çatdırıb. 1990-1992-ci illərdə ölkədə baş verən hərc-mərclikdən, ölkənin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqımızın yaşadığı dəhşətli anlardan söz açan icra başçısı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsindən məhz Ulu Öndər Heydər Əliyevin xilas etdiyini qeyd edib. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Liderin qətiyyəti, güclü iradəsi və düşünülmüş siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətinin yenidən qurulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri Ulu Öndərin apardığı məqsədyönlü siyasət, uğurlu islahatlar sayəsində bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarının fəaliyyətində də dönüş yarandığını bildirib. Qanunun keşiyində ləyaqətlə dayanan prokurorluq işçilərinin müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyi naminə gördükləri işi yüksək qiymətləndirən icra başçısı bu sahədə çalışan insanlara olan dövlət qayğısından da söz açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani təzahürüdür. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Hər il peşə bayramı ilə əlaqədar ölkə başçısının müvafiq Sərəncamına əsasən bir qrup prokurorluq işçilərinin I, II, III dərəcəli  “Vətənə xidmətə görə” ordeni ilə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmaları bunun bariz nümunəsidir.
Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Əlirza Babayev çıxış edərək “1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 101 illiyi münasibətilə baş prokuror Zakir Qaralovun prokurorluq işçilərinə ünvanladığı təbrik məktubunu oxuyub. Tədbirin belə yüksək səviyyədə keçirilməsinə, xüsusilə də prokurorluq işçilərinə verdiyi dəyərə görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərinə dərin minnətdarlığını bildirib.
Sonra rayon Prokuroru prokurorluq orqanlarının yaranma tarixi, formalaşması və fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, bu gün Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 101-ci ildönümü qeyd edilir. Bu günün qeyd olunması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prokurorluq orqanlarında çalışan əməkdaşlar bu günü qeyd etməklə eyni zamanda Ulu Öndərə olan ehtiramlarını bir daha nümayiş etdirirlər.
Vurğulayib ki, dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada qoyulmuşdur. Rusiyada prokurorluq isə “Baş prokurorun vəzifəsi haqqında” 12 yanvar 1720-ci il tarixli fərmanla təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra ədliyyə naziri eyni zamanda ölkənin baş prokuroru hesab edilmişdir. 1862-ci ildə qəbul edilən prokurorluq haqqında əsas müddəalar Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokurorları və onların müavinləri həyata keçirmişlər.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlamışdır. Mürəkkəb, amma şərəfli inkişaf yolu keçən, dövlətçiliyin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə mühüm rol oynayan Azərbaycan prokurorluğunun sələfi Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı dairə məhkəməsinin tərkibində təşkil edilmiş prokurorluq orqanı olmuşdur. Bu orqan dövrün çətinlikləri ilə - ilk növbədə, maliyyə və kadr problemləri ilə üzləşsə də, öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək üçün lazımi tədbirlər həyata keçirmiş və öz fəaliyyətini qeyd edilən Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixdə təsdiqlədiyi "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə"yə uyğun qurmuşdur. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə müstəqil dövlətin təsisatı kimi öz işini dayandıran milli prokurorluq orqanları ölkəmizin SSRİ kimi fövqəldövlətin tərkibində olduğu dövr ərzində hakim partiyanın sinfi xarakter daşıyan mənafelərinə xidmət edən bir qurum kimi fəaliyyət göstərmişdir. Bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də Sovet prokurorluğunun əsası qoyulmuşdur. 1936-cı ilin iyul ayında Azərbaycan SSR prokurorluğu xalq ədliyyə komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra anarxiya və xaos kimi səciyyələndirilən 1991-1992-ci illər və 1993-cü ilin birinci yarısını əhatə edən dövr ərzində Azərbaycan dövləti görünməmiş siyasi və iqtisadi tənəzzül, separatçı meyllərin güclənməsi və vətəndaş müharibəsi, müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər sayəsində ölkəmizdə dövlət çevrilişi cəhdləri, vətəndaş müharibəsi və separatizm təhlükəsi aradan qaldırıldı, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə dayanıqlı ictimai-siyasi sabitlik əldə edildi, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanıldı. Ulu Öndər tərəfindən, digər hüquq mühafizə orqanları kimi, prokurorluğun qarşısına mühüm tələblər qoyulmuş, onun sıraları sağlam, əqidəli kadrlarla möhkəmləndirilməyə, təsadüfi, cinayətkar ünsürlərlə əlaqəsi olanlardan təmizlənməyə başlanmış, ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı məharətlə alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının yüksək səviyyədə aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənməklə dövlətin etimadını doğrultmuşdur. Məhz ona görə də Ümummilli Liderimiz Heydər Əliyev prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.
1995-ci ildə Ümummilli Liderimizin rəhbərliyi ilə lahiyyəsi hazırlanılıb, ümumxalq səsverməsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikası Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq qəbul edilmiş “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunun icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmədə iddia qaldırmaq, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətinə aid etmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli qayğı və diqqət göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Həmin sərəncamda dövlət quruculuğu sahəsində davam etdirilən islahatların və ölkəmizin cinayət hüquq sisteminin inkişafının demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasında, eləcə də fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq keyfiyyətcə yeni səviyyədə qurmasında müstəsna əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmışdır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, həmçinin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, “Prokurorluq haqqında” Qanunda müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Azərbaycanda uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsi barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, mütəmadi olaraq, gənc hüquqşünasların şəffav prosedurlar əsasında prokurorluğa qəbulu aparılır. İşə qəbul olunan gənclər hazırda prokurorluq orqanlarının kadr korpusunun 65 faizdən çoxunu təşkil edir, gənclər daima vəzifələrdə irəli çəkilirlər. Əminliklə demək olar ki, dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları bundan sonra da üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutacaq, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun reallaşdırılması sahəsində bütün zəruri tədbirləri həyata keçirəcəklər.
Qazax Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, Qazax Rayon Məhkəməsinin hakimi Nemət Musayev, DTX-nın Qazax rayon idarəsinin rəisi Fərhad Süleymanov, BDU Qazax filialının direktoru, dossent Arif Rüstəmov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Azərbaycan Prokurorluğunun 101 illiyi münasibətilə dövlətimizin, xalqımızın qanunumuzun keşiyində dayanan, öz peşəsini şərəflə yerinə yetirən prokurorluq işçilərini təbrik ediblər. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzu ediblər.
Sonda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə və əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetdirdiyinə görə Qazax Rayon Prokuroru Əlirza Babayev, Qazax Rayon Prokurorluğunda müstəntiq Mikayıl Məmmədzadə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Qazax Rayon Prokurorluğunda böyük mütəxəssis-operator Leyla Qəfərova isə hədiyyə ilə mükafatlandırılıb.

Keçidlər