Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ ilə tanışlıq qazaxlı məktəblilərin ürəyincə olub

20 noyabr 2019 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan qazaxlı məktəblilər Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabulun məktəbliləri ilə birlikdə səfər proqramına uyğun olaraq bu gün turun üçüncü günü Qəbələ rayonu ilə tanış olublar. Şagirdlərə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda tarixi abidələr, müasir istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri, bölgənin gözəl təbiəti ilə tanış olmaq imkanı yaradılıb.
Tur-aksiya iştirakçıları gəzintiyə Qəbələ konserv zavodundan başlayıblar. Zavodda olan məktəblilərə məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin sərinləşdirici içkilər istehsal olunur.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.
Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, binanın birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində isə 1200 yerlik çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Ənənəvi olaraq hər il reallaşan Qəbələ Beynəlxalq Musiqi Festivalının konsertlərinin əksəriyyəti məhz bu Mərkəzdə keçirilir.
Məktəblilərin Qəbələ ilə tanışlığının növbəti ünvanı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Məlumat verilib ki, bölgənin ən çox turist qəbul edən bu obyektində hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli tikilib, dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət göstərə bilir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasına səbəb olub. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məlumatları maraqla dinləyən məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
“Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinə ekskursiya da məktəblilərin ürəyincə olub.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə qədim abidələrdən biridir. Tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə dörd mindən çox udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.
Məktəblilər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna da gedib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Məlumat üçün qeyd edək ki, tur-aksiya iştirakçıları şam yeməyindən sonra "Ölkəmizi tanıyaq” layihəsində hər il reallaşan Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasında öz biliklərini nümayiş etdirəcəklər.
Ümumiyyətlə, ölkəmizdə tur-aksiyaların təşkil olunduğu gündən ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Respublikamızın bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq. Ənənə halını alan bu cür layihənin təşkil olunmasında isə əsas məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Keçidlər