Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində görüş keçirilib

02 dekabr 2019 | 16:00

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası UNİCEF-in maliyyə dəstəyi ilə  “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verib.  Bu gün Qazax Rayon İcra Hakimiyyətində layihənin təşkilatçıları və iştirakçıları ilə ilk görüş keçirilib. Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxləri, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının sədri Məryəm Məcidova, Milli Şurada baş katib Azər Əliyev, UNİCEF Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının mütəxəssisi Natiq Umarov, Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Elçin Nəcəfov, Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, gənclərə olan diqqət və qayğını özündə əks etdirən layihənin həyata keçirilməsinə, sərhəddə yaşayan Qazax gənclərini də diqqətdə saxladıqlarına görə əvvəlcədən minnətdarlığını bildirib. Son illər ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan söz açan icra başçısı Qazax gənclərinə də həmin qayğıdan pay düşdüyünü qeyd edib. Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən gənclərə daim dəstək olmağa çalışdığını, dövlətin və ölkə rəhbərinin qayğısını hər bir qazaxlı gəncin hiss etməsi üçün məqsədyönlü işlər gördüyünü diqqətə çatdırıb. Qazax Rayon İcra Hakimiyyəti olaraq “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq şəkildə öz strukturunda könüllülük fəaliyyətinə hər zaman üstünlük verildiyini bildirib. Həmin fəaliyyətə qoşulan bir neçə gəncin artıq könüllü kimi aparatda fəallıq nümayiş etdirdiyini qeyd edib.
Ölkə Prezidentinin və Birinci vitse-prezidentin gənclərə göstərdiyi diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayan rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib. Hazırda Qazaxda fəaliyyət göstərən GİKM-nin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açdığını vurğulayıb. Rayon rəhbəri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının UNİCEF-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsini də gənclərə olan dövlət qayğısının daha bir bariz nümunəsi kimi qeyd edib və layihənin uğurla icra olunmasında hər zaman dəstək olmağa hazır olduğunu bildirib.
Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək öncə səmimi münasibətə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qədim dövlətçilik ənənələrinə malik müasir Azərbaycan sürətlə inkişaf dövrünü yaşayır və gündən-günə çiçəklənir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və ölkənin bütün sahələrini əhatə edən inkişaf meyilləri tədricən Azərbaycanı dünyanın qabaqcıl dövlətlərindən birinə çevirir. Bu uğurların qazanılmasında gənclərin də üzərinə böyük pay düşdüyünü qeyd edən M.Məcidova gənclərlə bağlı görülən işlərdən danışıb. 1995-ci ildə 11 gənclər təşkilatı ilə təsis olunan ARGTMŞ-nın ötən müddət ərzində öz əhatəsini genişləndirərək bu gün təşkilat sayını 128-ə çatdırdığını bildirib. Fəaliyyətə başladığı ilk gündən ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olaraq gənclərin beynəlxalq inteqrasiyasını təşkil və təmin etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının UNİCEF-in maliyyə dəstəyi ilə  “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsindən söz açan şura sədri həmin layihənin Bakı şəhəri Xəzər rayonu, Biləsuvar, Şəmkir, Tovuz və Qazax rayonlarını əhatə etdiyini bildirib. Qeyd edib ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin əsas məqsədi mövcud gənclər təşkilatlarının region gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, region gənclərinin maarifləndirilməsi və ictimai fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının üzə çıxarılması, regionlarda insan resurslarının inkişafına təkan verilməsi, gənclər arasında maraq doğuran məsələlərin həllində gənclərin özlərinin yerli hakimiyyət orqanlarına dəstək olmasıdır. M.Məcidova qeyd edib ki, gənclərin qərar qəbuletmədə iştirakçılığının artırılması Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas hədəflərindən biridir. Eyni zamanda da “Gələcəyə baxış: Azərbaycan 2020” İnkişaf Konsepsiyasında da xüsusi qeyd olunur. Bu baxımdan yerli icra hakimiyyəti başçıları yanında Gənclərin Yerli Məşvərət Şuralarının yaradılmasını gənclər siyasətinin həyata keçirilməsində atılan ən uğurlu addım kimi qiymətləndirib.
UNİCEF Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının mütəxəssisi Natiq Umarov və Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Elçin Nəcəfov çıxış edərək bildiriblər ki, Gənclərin Yerli Məşvərət Şuraları ona görə təsis edilir ki, gənclərin səsinin daha yaxşı eşidilməsini, onların problemlərinə ictimai diqqətin artırılmasını, daha səmərəli qərarların qəbul edilməsini, gənclərin fikir və ideyalarına əsaslanan proqramların qəbul edilməsini, gənclərlə hakimiyyət orqanları arasında qarşılıqlı etimadın yaranmasını təmin edən institutsional mexanizm yaransın. Sonra 11 addım üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin şərtlərindən danışılıb. 1 il yarım müddəti əhatə edən layihənin əsasən hazırlıq və seçim mərhələsindən, 20 nəfər gəncin və 1 nəfər koordinatorun seçilməsindən ibarət olduğu bildirilib. Qeyd edilib ki, ilk öncə Fəaliyyət Planı hazırlanmalı və həyata keçirilməlidir. İkinci addım olaraq Gənclərin Yerli Məşvərət Şuralarının formalaşdırılması və fəaliyyətini tənzimləyən nümunəvi sənədlər əsasında Şuranın Əsasnaməsi və Şuralara seçkilərin Qaydaları hazırlanmalıdır. Şura formalaşdıqdan sonra şuranın davamlı əməkdaşlıq edəcəyi təsisatlarla, xüsusilə də yerli icra hakimiyyəti ilə qarşılıqlı anlaşma memorandumu imzalanmalıdır. Bundan əlavə, layihə çərçivəsində Şura üzvləri üçün ilkin İKT bacarıqları, vaxtın idarə olunması, komanda işi, effektiv ünsiyyət və təqdimat bacarıqları, münaqişələrin həlli, ictimai vəkillik istiqamətlərində təlimlərin təşkil olunacağı qeyd olunub.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə edilib. İlkin olaraq gənc fəal, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov Şuranın koordinatoru seçilib və beləliklə, Gənclərin Yerli Məşvərət Şurasının yaradılması istiqamətində ilk addım atılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bu cür layihəyə Qazax gənclərini də cəlb etdiklərinə görə bir daha təşkilatçılara minnətdarlığını çatdırıb və uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər