Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: növbəti səyyar qəbul

26 yanvar 2020 | 16:00

Qazaxda rayon rəhbərliyinin istər şəhərdə, istərsə də ucqar, cəbhəyanı kəndlərdə sakinlərlə görüşərək problemləri ilə şəxsən tanış olması, əksəriyyətini yerindəcə həll etməsi son illər artıq adi hala çevrilib. Növbəti belə görüş mənfur düşmənlə təmas xəttinə olduqca yaxın məsafədə yerləşən Qaymaqlı kəndində baş tutmuşdur. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə 2019-cu ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb, sakinləri narahat edən məsələlər müzakirə olunaraq həlli istiqamətində mühüm addımlar atılmışdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq yeni 2020-ci ilin gəlişi münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Yola saldığımız ildə əldə olunan nailiyyətlərin bu il də uğurla davam etdiriləcəyini bildirib. 2019-cu ildə proqrama uyğun olaraq Qaymaqlı kəndində 7 dəfə səyyar görüşdə olduğunu qeyd edən icra başçısı bu cür görüşlərin bu il də mütəmadi olaraq keçiriləcəyini vurğulayıb. İcra başçısı bildirib ki, həmişə olduğu kimi, bugünkü səyyar görüşün də məqsədi sakinlərin qayğılarını dinləmək, qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində əməli işlər görməkdir. Bu görüşün vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulamışdır. Ölkə rəhbərinin də söylədiyi kimi dövlət məmurlarının əsas vəzifəsi xalqa xidmətdir. İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən “Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini,  "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib.
Ölkə başçısının təhsilə olan yüksək diqqət və qayğısından söz açan icra başçısı 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan qayğı kimi qeyd edib, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsi kimi göstərib. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Qaymaqlı kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.
Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib, 2020-ci ildə Qaymaqlı kəndində subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri Qaymaqlı kəndində SİP kabelləşmə aparılacağını bildirib.
Kənd sakinlərindən Elvin Binnətov, Məleykə Əliyeva və başqaları rayonda, o cümlədən Qaymaqlı kəndində görülən işlərdən danışaraq abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara, xüsusilə də sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.


Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
26 yanvar 2020-ci il

Keçidlər