Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda əhalinin işlə təminatı yaxşılaşır

20 fevral 2020 | 16:00

Dövlət proqramlarının uğurlu icrası nəinki paytaxt Bakının, eləcə də kənd və qəsəbələrimizin simasını tamamilə dəyişmişdir. Bunu Qazax rayonunun timsalında da görmək olar.
Rayonda işsizliyi aradan qaldırmaq, əhalinin güzəranını yaxşılaşdırmaq da daim diqqətdə saxlanılır. Bu məqsədlə yerli və xarici investorlar rayona cəlb edilməklə yeni müəssisələrin yaradılmasına nail olunur. Məsələn, "Saloğlu” fərdi mebel firması istifadəyə veriləndən sonra burada 300 nəfərədək sakinin məşğulluğu təmin edilmişdir. Başqa bir misal. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi, "Mətanət A” şirkətinin inşa etdiyi əhəng zavodu, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC-nin inşa etdiyi “Qazax Aqropark”, "Gedik-Carçı Qaynaq” LTD şirkətinin inşa etdiyi "Gedik-Carçı” Elektrod Zavodu yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır.
İşsizliyin aradan qaldırılmasında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin ildən-ilə genişləndirilməsi də mühüm rol oynamışdır. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə 50 hektarda, 2018-ci ildə 60 hektarda, 2019-cu ildə 65 hektar sahədə tütün əkmişlər.
Kartofçuluqla məşğul olan sakinlər də həm əkin sahələrini, həm də məhsuldarlığı ildən-ilə artıraraq yaxşı qazanc əldə edirlər. Əgər 2016-cı ildə rayonda 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə 22 min ton, 2018-ci ildə 29 min 865 ton məhsul əldə edilmişdir. Keçən il sahibkarlar və sakinlər əkin sahələrini genişləndirərək məhsul istehsalını daha da artırmışlar.
Rayonda əhalinin işlə təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində yaradılan "Dost İş Mərkəzi” MMC-nin də rolu böyükdür. Həmin mərkəz tərəfindən Qazax rayonu üzrə 420 nəfərin işlə təminatı həll edilmişdir.
Rayonda sosial məsələlərin də həllinə ciddi diqqət yetirilir. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi nəzərdə tutulmuşdu. Artıq xəstəxana demək olar ki, hazırdır. Elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problem yoxdur.
Dövlət proqramında əksini tapan digər məsələlərdən biri də rayonda 11 məktəb binasının əsaslı təmiridir. Həmin məktəblərdən biri - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilir. Qaymaqlı və Sarıvəlli kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanılmışdır.
Rayon sakinlərinin içməli su probleminin həlli istiqamətində də xeyli iş görülmüşdür. Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərində bu məsələ öz həllini tapmışdır. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” ölkə rəhbərinin 12 fevral 2019-cu il tarixli Sərəncamı bu sahədə görülən işlərə təkan vermişdir.


Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
20 fevral 2020-ci il

Keçidlər