Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda təhsil və səhiyyə işçilərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib

24 fevral 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edərkən çıxışı zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, xüsusilə də “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə bütün sahələr üzrə şəffaflığın təmin olunması sahəsində verdiyi tapşırıq və tövsiyələr, göstərişlər Qazax rayonunda da prioritet istiqamətlərdən birini təşkil edir, ən vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində təhsil və səhiyyə müəssisələrinin fəaliyyətinə həsr olunmuş geniş tərkibdə müşavirə keçirilib. İcra aparatının məsul şəxslərinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, Təhsil şöbəsinin, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşlarının, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının, direktor müavinlərinin, səhiyyə işçilərinin iştirak etdiyi müşavirədə bütün sahələrə olduğu kimi, təhsil və səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahələrdə şəffaflığın təmin olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət açılıb.
Qazax Rayon Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən söylədiyi dəyərli fikirləri, verdiyi tapşırıq və tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Xüsusilə də dövlət başçısının ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olmasını, bu sahədə məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələri bir daha diqqətə çatdıran rayon rəhbəri səslənən bu amilin Qazaxda da daim diqqət mərkəzində olduğunu bildirib. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini qeyd edib. Ölkə başçısının bu sahədə olan barışmaz mövqeyini hər zaman əldə rəhbər tutularaq şəffaflığın təmin olunması sahəsində təqdirəlayiq işlər görüldüyünü, ən əsası da şəffaflığın bütün sahələri əhatə etdiyini vurğulayıb. İcra başçısı son 4 ilə yaxın bir müddətdə rayonda bütün sahələrdə olduğu kimi, təhsil və səhiyyə sahələrində də şəffaflığın tam təmin olunduğunu, vaxtilə mövcud olan əksər neqativ halların aradan qaldırıldığını söyləyib.
İcra başçısı qeyd edib ki, bugünkü müşavirənin keçirilməsində əsas məqsəd bütün sahələrdə olduğu kimi, təhsil və səhiyyə sahələrində olan bu şəffaflığı qorumağı bir daha müzakirə etmək, bu günə kimi bu sahədə aparılan işləri bundan sonra da uğurla davam etdiriləcəyini bir daha diqqətə çatdırmaq, sözün əsl mənasında xatırlatmaqdır.
İcra başçısı bildirib ki, bu gün istər təhsil, istərsə də səhiyyə sahəsində dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss ediriksə, bizim də üzərimizə bir məsuliyyət düşür ki, rayonda təhsilin və səhiyyənin keyfiyyətini artırmaq, ən əsası da ölkə rəhbərinin bizlərə olan olan etimadını doğruldaraq bu sahədə olan şəffaflığı tam təmin etməliyik. Ölkə rəhbərinin bu sahədə qarşıya qoyduğu məqsəd və vəzifələrə daim dəstək olmalı, rayonda təhsil və səhiyyə sahələrində bu günə qədər olan şəffaflığı olduğu kimi qoruyaraq öz töhfəmizi verməliyik.
Bugünkü müşavirənin də məhz bu məqsədə, amala xidmət etdiyini qeyd edən icra başçısı kökündə vətəndaş məmnunluğu dayanan hər bir işin, göstərilən xidmətin öhdəsindən layiqincə gəlmək üçün hər bir işçinin bundan sonra da böyük səylə çalışmasını tövsiyə edib. Rayon rəhbəri qeyd edib ki, 4 il əvvəl necə çalışmışıqsa, bundan sonra da elə etməliyik ki, tutduğumuz yol ölkə başçısının məqsədyönlü dövlət siyasətini özündə əks etdirən bir yol olsun. İcra başçısı görülən işlərin, atılan addımların birbaşa rayonun adı ilə bağlı olduğunu bir daha vurğulayıb. Hər bir idarə, müəssisə, təşkilat rəhbərinin, xüsusilə də təhsil və səhiyyə sahəsində çalışan insanların bu məsələnin mahiyyətini dərk etmələrini, rayonda atılan hər bir addımın ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə olması üçün öz işlərində daha da məsuliyyətlə çalışmalarını vurğulayıb. Bununla bağlı bir daha tapşırıq və tövsiyələrini verib.
Rayon Təhsil şöbəsində aparıcı məsləhətçi Rasim Carçıyev, S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, Rayonlararası Psixiatriya xəstəxanasının baş həkimi Ramiz Mansurov, Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin direktor müavini Süleyman Həsənov çıxış edərək əvvəlcə təhsil və səhiyyə sahəsinə göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Cəmiyyətin mənəvi sağlamlığının keşiyində müəllimlərin, fiziki sağlamlığının keşiyində isə səhiyyə işçilərinin, həkimlərin dayandığını qeyd edən çıxışçılar bu sahədə çalışan hər bir insanın öz işinin məsuliyyətini dərk etdiyini və öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını qeyd ediblər. Bugünkü müşavirənin zamanında keçirilən bir müşavirə olduğunu bildirərək səslənən fikirlərdən, verilən tapşırıq və tövsiyələrdən hər kəsin nümunə götürəcəyini söyləyiblər. Son zamanlar ətrafda baş verən hadisələri təəssüf hissi ilə qeyd edən çıxışçılar bu cür halların cəmiyyət tərəfindən də hər zaman xoşagəlməz hal kimi qarşılandığını diqqətə çatdırıblar. İstər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin ölkəmizdə şəffaflığın təmin olunması sahəsində verdikləri tapşırıq və tövsiyələrin hər bir dövlət məmuruna, eləcə də təhsil və səhiyyə sahəsində çalışan hər bir işçiyə aid olduğunu bildirən çıxışçılar bundan sonra da öz işlərində daha böyük məsuliyyətlə çalışacaqlarını bir daha qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq təhsil və səhiyyə işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər