Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının kollektivi və uşaqları onlayn şəkildə görüşüblər

13 may 2020 | 16:00

Hamıya məlum olduğu kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində, məktəblərdə olduğu kimi, məktəbəqədər təhsil müəssisələrində də təlim-tərbiyə prosesi dayandırılıb. 1 may 2020-ci il tarixli sərəncama əsasən ölkəmizdə mayın 4-dən 31-dək müddəti uzadılan xüsusi karantin rejimi ilə əlaqədar bağçalarda tərbiyəçi müəllimlər valideynlərlə, uşaqlarla onlayn qaydada əlaqə saxlayır, gündəlik tapşırıqlar verirlər.
95 yerlik Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasının kollektivi də ilk gündən onlayn qaydada təlim-tərbiyə prosesini uğurla icra edirlər.
Tərbiyəçi müəllimlərin, valideyn komitəsinin üzvlərinin, körpə fidanların iştirakı ilə keçirilən onlayn görüş də bu dediklərimizin əyani sübutudur.
Onlayn görüşü giriş sözü ilə açan bağçanın müdiri İradə Mustafayeva valideynləri, müəllimləri və uşaqları salamlayıb. Keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açaraq ötən müddət ərzində görülmüş işləri qeyd edib.
Bağça müdiri dövlət başçısının rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində vaxtında görülən təxirəsalınmaz qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Xüsusilə də Birinci vitse-prezident Mehriban xanımın pandemiya ilə bağlı vətəndaşları gözləyən riskləri göz önünə alaraq bir ana, bir nənə, bir bacı, bir həyat yoldaşı kimi xalqa müraciət etməsini, onları məhz bu məqamda düşünməsini, qorumasını bütün müəllimlərin, valideynlərin minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirib.
Bağça müdiri Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini ölkə başçısının və rayon rəhbərliyinin gələcəyimiz olan uşaqlara göstərilən qayğısı kimi qeyd edib. Bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunmasının və körpələrə göstərilən qayğının da daim nəzarətdə saxlanıldığını vurğulayıb. İstər rəhbərlik etdiyi 3 saylı körpələr evi-uşaq bağçasında, istərsə də rayonda fəaliyyət göstərən digər bağçalarda yaradılan yüksək şəraitə görə kollektivi adından Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürünü çatdırıb.
Görüşdə iştirak edən valideyn komitəsinin üzvlərindən Nazilə Sanıyeva çıxış edərək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən genişmiqyaslı işlərə görə valideynlər adından ölkə başçısına minnətdarlıq edib. Təxirəsalınmaz tədbirlər çərçivəsində ilk olaraq bağçalarda təlim-tərbiyə prosesinin dayandırılmasını uşaqlara olan dövlət qayğısının əyani sübutu kimi vurğulayıb. Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib. Bağçalarda təlim-tərbiyə prosesi dayandırıldığı ilk gündən müəllimlərin istər valideynlərlə, istərsə də uşaqlarla əlaqələrini kəsmədiklərini, WhatsAppla onlayn şəkildə gündəlik ev tapşırıqları verdiklərini bildirib.
Tərbiyəçi müəllimlərdən Kəmalə Sanıyeva, Təranə Hacıyeva, Yetər Yusifova, Pəri Məmmədli xüsusi karantin rejimi dövründə gördükləri işlərdən danışıblar. Uşaqlarla mütəmadi olaraq əlaqə saxladıqlarını “Evdə qal”, “Bağçam üçün çox darıxmışam” adlı, eləcə də ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırladıqlarını qeyd ediblər.
Görüşdə balaca fidanlara da söz verilib. Əvvəlcə hazırladıqları videoçarx nümayiş olunub. Sonra uşaqlar bir-birindən rəngarəng şeirlər söyləyiblər.
Bağça müdiri İradə Mustafayeva sonda rəhbərlik etdiyi kollektiv və valideynlər adından ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə uşaqlara göstərilən sonsuz qayğıya görə bir daha dərin minnətdarlığını bildirib. Bu cür onlayn görüşlərin mütəmadi olaraq təşkil olunacağını qeyd edib. Tərbiyəçi müəlllimlərə uşaqlarla daha sıx əlaqə saxlamaları ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər