Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb

24 iyun 2020 | 16:00

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt Bakı ilə yanaşı, bölgələrimiz, şəhər və rayonlarımız da günü-gündən müasirləşir, yeni görkəm alır. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq "Azərsu” ASC tərəfindən hazırda Qazax şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur.
Təqdirəlayiq hal isə odur ki, şəhərin su-kanalizasiya xəttinin çəkilişi başa çatdırılan küçələrində dərhal asfaltlama işlərinə start verilir. Bunu su və kanalizasiya xətlərinin çəkilişi başa çatan Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işlərindən, yeni asfalt örtüyün döşənməsindən də əyani şəkildə görmək olur.
Hər kəsə o da yaxşı məlumdur ki, su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan ilk gündən rayon rəhbərliyi bu sahəni diqqət mərkəzində saxlayaraq istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə daim yerində maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovla birlikdə su-kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq küçəsi 76-da yerləşən üçmərtəbəli, 3 bloklu, 27 mənzilli yaşayış binasının həyətində görülən abadlıq işləri ilə tanış olub. İcra başçısına bildirilib ki, binanın həyətinə qum-çınqıl döşənərək hamarlanıb, səliqə-sahman yaradılıb. Bundan əlavə, blokların girişinə beton tökülüb. Onu da qeyd edək ki, bina sakinlərinin müraciətini nəzərə alaraq rayon rəhbərliyi tərəfindən artıq bu gündən bloklarda da təmir işlərinə başlanılıb.
Sonra rayon rəhbəri yeni bardür düzülən Murtuz Carçıyev küçəsində görülən işlərin mövcud vəziyyəti ilə də maraqlanıb. Hər iki ərazidə görülən işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər