Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya dövlətlərinin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsini Qazaxda təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan insanlar da böyük ruh yüksəkliyi ilə qarşılayıblar

30 iyun 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi ilə bağlı növbəti videokonfrans keçirilib.
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, ziyalıların iştirakı ilə baş tutan videokonfransda 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi xəbərini iştirakçılar yüksək əhval-ruhiyyə ilə qarşılayıblar.
Videokonfransı giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova koronavirus (COVID-19) pandemiyasının bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizdən də təsirsiz ötüşmədiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya başladığı ilk andan bu günə kimi vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən işlərdən söz açıb. Məhz ölkəmizdə həyata keçirilən genişmiqyaslı qabaqlayıcı tədbirlərə görə bu gün Azərbaycanın ən az itki sayı olan ölkələr sırasında dayandığını qeyd edib.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsindən və həmin görüşdə ölkə başçısının irəli sürdüyü təşəbbüsdən söz açan müavin hər iki addımı ölkəmizin belə çətin bir vaxtda qazandığı ən böyük uğuru kimi qiymətləndirib.
Müavin qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etdiyi həmin tədbirdə ölkə başçısı İlham Əliyev irəli sürdüyü təşəbbüslə bir daha sübut etdi ki, Azərbaycan hər zaman həmrəylik nümayiş etdirib. Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməklə məhz belə çətin bir vaxtda əsl həmrəylik nümayiş etdirməyin məqamı olduğunu bir daha nümayiş etdirdi. Nə xoş bizlərə ki, həmin təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırıldı və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanladı. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının "Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etdi. Qaydalara əsasən, BMT-yə üzv olan 97 ölkənin təşəbbüsə dəstək verməsi kifayət edirdi ki, istədiyimiz nəticə gözlədiyimizdən də artıq oldu və 130-a qədər ölkə bu təşəbbüsü dəstəklədi. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin qazandığı növbəti nailiyyət oldu.
G.Həsənova qeyd edib ki, hər zaman olduğu kimi, mənfur düşmənimiz olan Ermənistan bu dəfə də Azərbaycanın əldə etdiyi uğuru qəbul edə bilmədi. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət olaraq hər zaman Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bir daha göstərdi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bu, isə əslində Ermənistanın iç üzünü açıb göstərdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. 
Deputat köməkçisi Akif Əmirov çıxış edərək videokonfrans iştirakçılarını Milli Məclisin deputatı Səməd Seyidovun adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsün 130-a qədər dövlət tərəfindən dəstəklənməsi xəbərini Azərbaycanın növbəti qələbəsi kimi vurğulayıb və bu qələbə münasibətilə başda ölkə başçısı olmaqla bütün xalqımızı təbrik edib. A.Əmirov Milli Məclisin deputatı Səməd Seyidovun da “BMT Baş Assambleyasının xüsusi sessiyası COVID-19-la mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə imkan yaradacaq” sərlövhəli məqaləsində bu məsələyə yüksək səviyyədə münasibət bildirdiyini vurğulayıb. A.Əmirov qeyd edib ki, bu təşəbbüsün belə yüksək səviyyədə dəstəklənməsi bizim üçün olduqca əlamətdar hadisədir. Çünki biz bu uğurumuzla yanaşı, Ermənistanın da iç üzünü bir daha dünya dövlətlərinə tanıtmış olduq. Çünki Ermənistan destruktiv mövqeyi, davranışı ilə özünü rüsvay etdi. Bu, bizim üçün ikiqat qələbədir. Deputat köməkçisi qeyd edib ki, bu gün xəbər saytlarında, sosial şəbəkələrdə 130 ölkənin müstəqil dövlət olan Azərbaycanın ölkə rəhbərinin irəli sürdüyü təşəbbüsü dəstəkləməsi xəbəri geniş yer alıb. Bütün dünya Azərbaycanın bu uğurundan danışır. Və təbii ki, biz gənclər də ölkəmizin, onun layiqli liderinin qazandığı uğura baxıb sevinir və dövlətimizin başçısının yanında olmağı hər zaman özümüzə borc bilirik. Ölkə başçısının atdığı hər bir addımı gənclər ordusu olaraq birmənalı olaraq dəstəkləyirik.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək ölkə başçısının rəhbərliyi altında pandemiyanın hökm sürdüyü ilk vaxtdan ölkəmizdə mühüm addımların atıldığını bildirib. N.Babanlı qeyd edib ki, dövlət başçısı təkcə ölkəmizdə deyil, dünya dövlətlərinin bir çoxuna dəstək oldu. 30-dan artıq ölkəyə yardım göndərməklə Azərbaycan dövləti olaraq hər zaman həmrəyliyin, birliyin tərəfdarı olduğumuzu, güc birlikdədir prinsipinə böyük önəm verdiyimizi bir daha nümayiş etdirdi. Pandemiya dövründə beynəlxalq səviyyəli konfransların keçirilməsi, ən əsası da mayın 4-də keçirilən Qoşulamama Hərəkatının onlayn Zirvə Görüşündə dünya dövlətlərini bir araya gətirməklə, bu gün 130 ölkənin dəstəklədiyi təşəbbüsü irəli sürməklə bir daha göstərdik ki, Azərbaycan hər zaman güclü dövlət olub və onun güclü lideri var.
Mədəniyyət işçiləri adından çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev böyük dövlətlərin belə bir təşəbbüslə çıxış etməli olduqları halda bu addımı atmadıqlarını bildirib. Azərbaycanın, onun ölkə başçısının atdığı addım isə bir daha sübut etdi ki, koronavirus pandemiyası ilə mübarizə dövlətlərin böyüklüyünə və yaxud da kiçikliyinə baxmır. Qlobal bir məsələ olan pandemiya hər bir dövləti narahat etməli və həlli yolları birlikdə müzakirə edilməlidir. Həmrəylik nümayiş etdirməklə bu bəladan qalib çıxmaq olar. Prezident İlham Əliyevin bu təşəbbüsü isə onu sübut etdi ki, Azərbaycan dövləti hər zaman birlik, həmrəylik nümayiş etdirməyə qadir olan güclü dövlətdir. Ölkənin maraqları hər zaman sağlam təməl üzərində qurulub.
Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva da belə çətin bir vəziyyətdə atdığı gözəl addıma görə rəhbərlik etdiyi kollektiv adından ölkə başçısına təşəkkürünü çatdırıb. Qeyd edib ki, ölkə başçısı bu addımı ilə bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı hər zaman yüksəkdə olub və bundan sonra da olacaqdır.
Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova da çıxışında pandemiya başlayan vaxtdan bu günə kimi ölkə başçısı tərəfindən atılan düzgün addımlardan, qərarlardan söz açıb. Ən əsası da atılan bütün addımların vətəndaş amilinə xidmət etdiyini vurğulayıb. Koronavirusla mübarizə tədbirləri çərçivəsində ilk olaraq təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını gələcəyimiz olan uşaqların sağlamlığına necə böyük önəm verməsinin bariz nümunəsi kimi qeyd edib.
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov çıxış edərək qeyd edib ki, dünya dövlətlərinin birlik nümayiş etdirmədiyi bir vaxtda Prezident İlham Əliyevin belə bir təşəbbüslə çıxış etməsi həm dövlətimizin, həm də onun rəhbərinin pandemiyaya necə həssaslıqla yanaşmasını, ən əsası da ölkəmizdə insanların sağlamlığına necə önəm verildiyini bir daha bəyan etdirdi. Atılan bu addım Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərdi deyən məktəb direktoru bu gün hər bir Azərbaycan vətəndaşının, ziyalılar ordusunun ölkəmizin qazandığı bu qələbəyə görə sevindiyini bildirib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş həkimi Allahverdi Quliyev çıxışında ölkə başçısı tərəfindən səhiyyə sahəsində çalışan insanlara verilən yüksək qiymətdən söz açıb və bunun bariz nümunəsi olaraq da ölkə başçısının səhiyyə işçilərini ayaq üstə alqışlamasını göstərib. Dövlət başçısının irəli sürdüyü təşəbbüsün yüksək səviyyədə dəstəklənməsini hər kəs kimi səhiyyə işçilərinin alqışladığını vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova videokonfransa yekun vuraraq ölkə başçısının irəli sürdüyü təşəbbüsün belə yüksək səviyyədə dəstəklənməsini başda rayon rəhbərliyi olmaqla, rayon ictimaiyyətinin, ziyalıların da alqışladığını bildirib. Dövlət başçısının qazandığı uğuru hər bir azərbaycanlının uğuru kimi qeyd edən müavin sonda ölkə başçısının təşəbbüsü əsasında keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasının gələcək işinə uğurlar arzulayıb.

Keçidlər