Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhid mayor Namiq Əhmədovun ailəsinə xüsusi diqqət yetirilir

07 avqust 2020 | 16:00

     

Azərbaycan xalqı torpaqlarını işğal edən Ermənistana qarşı daim barışmaz mövqedədir. Bütün cəbhəboyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə dayanaraq qəhrəmancasına mübarizə aparır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin, vətənpərvərliyinin göstəricisi kimi düşən Aprel döyüşləri, həmin döyüşdə igid oğullarımızın bizlərə bəxş etdikləri qələbə bunun bariz nümunəsidir.
Hər zaman ölkəmizə qarşı məkrli niyyətdə olan, Azərbaycanın torpaqlarına göz dikən Ermənistan öz çirkin, bəd əməllərini bu gün də davam etdirir. Bunun ən son nümunəsini cari il iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində gedən döyüşlərdə bir daha gördük. Düşmən öz niyyətinə çata bilmədi. Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan hərbçilərinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı erməni vandallarını itki verərək geri çəkilməyə məcbur etdi. Düşmən çoxlu sayda canlı qüvvəsini və texnikasını itirdi.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızı uca tutdu, onların fədakarlıqlarını yüksək qiymətləndirdi, ailələrinin qayğısına qaldı. İyulun 15-də Prezident İlham Əliyevin döyüş zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışması, başsağlığı verməsi, eləcə də Qəbələ şəhərinin küçələrinin birinin generalın adını daşımasını tapşırması və digər tədbirlər bir daha onu göstərdi ki, şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ən əsası da ailələri tək deyil, onların yanında Azərbaycan xalqı, dövləti və ölkə rəhbəri var.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da şəhidlərimizin ailələrini tək qoymadı, onlara qayğı göstərdi. Mehriban xanımın tapşırığına əsasən fond nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun, Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət etdi. Onların Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında şəhid ailələrinə baş çəkməsi, Tovuz rayonu istiqamətində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban xanım Əliyevanın tapşırığına əsasən daim fondun nəzarətində olması bir daha onu sübut edir ki, Azərbaycan dövləti Vətən uğrunda canlarını fəda edən igid oğullarını heç zaman unutmur, unutmayacaq da.
Ölkə Prezidentinin iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən həyatlarını Vətən uğrunda qurban verən şəhidlərimizə olan ehtiramı, şəhidlərimizin ailə üzvlərinin daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və tövsiyələri Qazax rayonunda da davamlı şəkildə icra edilir.
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Qazaxın Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun da xatirəsi əziz tutulur, onun ailəsi diqqət mərkəzində saxlanılır. Elə bu günlərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun diqqət və qayğısı ilə şəhidin evində yenidənqurma və tikinti işlərinə başlanmışdır. Rayonun rəhbərliyi evdə görülmüş işlərlə maraqlanaraq tez-tez tikintiyə baş çəkir, lazım gəldikdə inşaatçılara tapşırıqlar verir. Bir sözlə, hamı çalışır ki, şəhidin ailəsinə geniş və rahat bir ev təqdim olunsun.


Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
7 avqust 2020-ci il

Keçidlər