Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tibbi maskadan istifadə etməyənlərə qarşı növbəti reyd keçirilib

10 avqust 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparırlar.
Bu gün Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı növbəti reyd keçiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis Şöbəsində rəis müavini Şakir Rüstəmov və Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovla birlikdə rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrupların fəaliyyəti ilə yerində tanış olublar.
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı şəhər və kənddaxili marşrut avtobusları, eləcə də minik avtomobilləri yoxlanış məqsədilə saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər.
Reyd ticarət obyektlərində də davam etdirilib. Burada da tibbi maskadan istifadənin vacibliyi barədə obyekt sahiblərinə, satıcı və alıcılara bir daha xəbərdarlıq olunub. "Qazax Avtovağzal” ASC-nin qarşısında, vağzal ərazisində fəaliyyət göstərən mağazalarda, “Brend Shop” geyim mağazasında, “Oba”, “Göyçə”, “Samur” marketlərdə aparılan reyd zamanı vətəndaşlarla COVID-19 pandemiyasından qorunmaq vasitələri barədə maarifləndirici söhbət edilib. Həmçinin, şəxsi mühafizə vasitələrindən və tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin, gigiyenik qaydalara riayət olunmasının zəruri olduğu, eləcə də karantin rejimini pozanlar barədə ciddi cəza tədbirlərinin görüləcəyi bildirilib.
Ölkə başçısının rəhbərliyi altında bu günə kimi pandemiya ilə mübarizədə görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələdə məsuliyyətli olması, əsl birlik, həmrəylik nümayiş etdirməsi söylənilib. Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq üçün də ilk növbədə hər bir vətəndaşın üzərinə düşən işin öhdəsindən layiqincə gəlməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə hər kəsin əməl etməli olduğu qeyd olunub.

 

Keçidlər